[email protected] +994 99 303 07 01

Ventilyasiya sistemlərinin ümümi təsnifatı

Ventilyasiya sistemlərinin ümümi təsnifatı

Binaların təyinatından və eyni binada müxtəlif təyinatlı otaqların sayından asılı olaraq müxtəlif formalı ventilyasiya sistemləri layihələndirilir.Məlumdur ki, ventilyasiya sistemlərinin əsas vəzifəsi otaqlar daxilində buraxıla bilən parametrlərin yaradılmasından ibarətdir. Bu parametrlərin yaradılmasına müxtəlif üsullarla nail olmaq mümkündür. Məsələn, izafi istilik olan adi otaqlarda buraxıla bilən parametrlər təbii havalandırma (aerasiya) ilə, ventilyatorların köməyi ilə hava mübadiləsini təşkil etməklə, otağa xüsusi emal olunmuş (qızdırılmış və ya soyudulmuş) hava vurmaqla yaradıla bilər. Havanın otağa vurulması və xaric olunması üsulları müxtəlifdir.Ventilyasiya sistemləri seçilərkən birinci növbədə sanitar – gigiyenik, istismar, tikinti quraşdırma və memarlıq, eləcə də iqtisadi tələblər nəzərə alınmalıdır.

Ventilyasiya sistemləri – havanın emal edilməsini (qızdırılma və soyudulma), nəqlini, vurulmasını və sorulmasını təmin edən qurğuların məcmusudur. Havanın otağa vurulma və xaric olunma üsuluna görə ventilyasiya sistemləri – vurucu, sorucu, vurucu – sorucu və dövretdirici olurlar. Vurucu sistemlərdə hava xaricdən götürülür, vurucu kamerada emal olunur və bilavasitə düz axınla otağa vurulur. Bu halda otaqda izafi təzyiq yaranır, həmin təzyiqin hesabına hava pəncərə, qapı, nəfəsliklərdən xaricə çıxır və ya havanın təzyiqi nisbətən az olan otaqlara keçir.

 Sorucu ventilyasiya sistemləri

Sorucu sistemlər otaqlardan çirklənmiş havanı xaric etmək üçün tətbiq olunur. Sorma zamanı otaqda boşalma yaranır, qonşu otaqlardan təmiz hava sorulur və ya xaricdən infiltrasiya olunur. Sorucu sistemlər o hallarda tətbiq olunur ki, həmin otağın zərərli ayrılmalarının digər otaqlara yayılması yolverilməz olsun. Müxtəlif otaqlarda təyinatından, zərərli ayrılmaların növü və yerindən asılı olaraq ancaq vurucu, ancaq sorucu, eyni zamanda həm vurucu, həm də sorucu sistemlər layihələndirmək lazım gəlir. Vurucu – sorucu sistemlər ən çox yayılan ventilyasiya sistemləridir. Belə ki, onlar otaqda buraxıla bilən parametrlərin yaradılması şərtlərini daha tam ödəyirlər. Adətən vurucu və sorucu ventilyasiya sistemlərinin məhsuldarlıqları bir – birinə bərabər olur. Xüsusi hallarda sorulan havanın miqdarı vurulan havanın 90 – 95 %-i miqdarında qəbul olunur.Sorucu yerli ventilyasiya sistemləri o vaxt tətbiq olunur ki, otaqdakı zərərli ayrılmaların qatılığı buraxıla bilən normalardan yüksək olsun və onun otaqda yerdəyişməsi gigiyenik nöqteyi nəzərdən mümkün olmasın.

Dövretmə ilə işləyən ventilyasiya sistemləri

 İlin qış dövründə havanın qızdırılmasına sərf olunan istiliyin, yay dövründə isə havanın soyudulmasına sərf olunan soyuqluğun azaldılması məqsədilə layihələndirilirlər. Bu sistemlər tam dövretmə ilə və hissə - hissə dövretmə ilə işləyən olurlar. Tam dövretmə ilə işləyən sistemlər ancaq otaq daxilində havanın hərəkətinin təmin olunma effektini yaradırlar. Otaqlarda meteroloji şəraitin yaradılması və hava mübadiləsinin təşkili üsuluna görə ümumidəyişdirici, yerli, qarışıq və qəza ventilyasiya sistemləri layihələndirilir. 

Əgər bütünlüklə otaqda və ya ancaq onun işçi zonasında hava mübadiləsi aparılırsa, buna ümumidəyişdirici ventilyasiya sistemi deyilir. Bu sistemlər o vaxt tətbiq olunur ki, zərərli ayrılmalar və işçi yerlər bütün otaq boyu yayılır. Otağa vurulan və sorulan havanın miqdarı – otaqdakı zərərli ayrılmaların buraxıla bilən qatılığa qədər assimilyasiya olunmaq şərtinə əsasən müəyyən olunur. Yerli ventilyasiya sistemləri bilavasitə iş yerlərində və ya konkret müəyyən olunmuş yerdə buraxıla bilən meteroloji şəraiti yaratmaq məqsədilə tətbiq olunurlar. Yerli ventilyasiya sistemləri vurucu və sorucu olurlar. Vurucu yerli ventilyasiya sistemlərinə - hava duşları və hava pərdələri aiddir.

Qarışıq ventilyasia sistemləri – yerli və vurucu və ya sorucu ümumidəyişdirici ventilyasiya sistemlərinin birləşdirilməsidir. Yəni otağa vurulan və ya sorulan havanın bir hissəsi yerli ventilyasia sistemi vasitəsilə, digər hissəsi isə ümumidəyişdirici sistemlə həyata keçirilir.

Qəza ventilyasiya sistemləri

Qəflətən partlayış və ya yanğın təhlükəsi ola biləcək istehsalat, ictimai və ya yaşayış binalarında layihələndirilir. Yüksək mərtəbəli binaların pilləkən qəfəsləri üçün yanğına qarşı tüstü sovurma sistemləri də qəza ventilyasiya sistemlərinə aiddir. Bu sistemlər – zərərli ayrılmaların qatılığı və ya temperaturu yanğın baş vermə qiymətinə çatanda – avtomatik olaraq işə düşür.

 Təbii və mexaniki ventilyasiya sistemləri

Havanın hərəkət etdirilmə üsuluna görə yuxarıda qeyd olunan bütün ventilyasia sistemləri təbii və mexaniki olmaqla iki yerə bölünürlər. 

Xarici və daxili havanın temperaturları fərqi nəticəsində yaranan təbii təzyiqin (qravitasiya təzyiqi) və küləyin təsirindən işləyirlər. Mexaniki ventilyasiya sistemlərində havanın hərəkəti ventilyator, ejektor və s. avadanlıqların hesabına baş verir. Bununla bərabər ventilyasiya sistemlərində hava – binanın konstruksiyalarındakı boşluqlarla və ya bina və otaqlar daxilində şaxələnmiş hava kəmərləri vasitəsilə nəql olunur. Birinci variant – kanalsız, ikinci variant isə kanallı ventilyasiya sistemləri adlanır.