[email protected] +994 99 303 07 01

Enerji keçidi nədir?

Enerji keçidi nədir?

Enerji keçidi, enerjinin istehsal və istehlakında dünya miqyaslı, köklü dəyişiklikləri əhatə edir. Tarix boyu insanlar bir neçə enerji keçidinə şahid olmuşdur. Bu keçidlərin arxasında müəyyən enerji mənbələrinin ucuzlaşması və ya bahalaşması, yaradılan yeni texnologiyaların bu enerji mənbələrinin istifadəsini asanlaşdırması, enerji mənbələrinin tükənməsi və yaxud, hal-hazırda müşahidə etdiyimiz kimi, bəzi enerji mənbələrinin istifadəsinin ətraf mühitin zədələnməsinə səbəb olması kimi səbəblər durmuşdur. 1973-cü ilin neft böhranından sonra, enerji keçidi termini media və siyasətçilər tərəfindən dilə gətirilmiş, sonralar dönəmin ABŞ prezidenti Jimmy Carter tərəfindən populyarlaşdırılmışdır. 1981-də keçirilən Birləşmiş Millətlər Təşkilatının “Yeni və Bərpa olunan enerji mənbələri” konfransında isə enerji keçidi beynəlxalq səviyyədə müzakirə edilmişdir. 

Tarixdə baş vermiş enerji keçidləri

Hal-hazırda enerji keçidi termininə iki cür yanaşma mövcuddur. İlk yanaşma bəşəriyyətin tarix boyunca bir neçə enerji keçidinə şahidlik etdiyini iddia etsə də, digər yanaşmaya əsasən, “enerji əlavəsi” termini baş verənləri daha düzgün əks etdirir. Kanadalı alim və siyasi analitik Vaclav Smil ilk yanaşmanı müdafiə edir və faiz nisbətində müqayisə edildikdə istifadə olunan əsas enerji mənbələrinin əhəmiyyətli dərəcədə dəyişdiyini, biokütlədən kömürə, sonra neftə, sonra isə təbii qaz, neft və kömür qarışığına yönəldiyini vurğulayır. Tarixçi Jean-Baptiste Fressoz isə ikinci yanaşmanı müdafiə edir. Belə ki, ümumi mənzərəyə baxdıqda, enerji tələbatı artdıqca insanların istifadə etdikləri enerji mənbələrinə yenilərini əlavə etdiyini görürük. Məsələn, XIX əsrdə kömürün istifadəsi biokütləni faiz nisbətində əvəz etsə belə, yandırılan oduncaq miqdarı azalmamış, əksinə artmşdır. Neftin kömürü əvəz etdiyi 60 il ərzində kömür istehlakı 3 qatına çıxmışdır. Sözü gedən dəyişikliklər düşündüyümüz qədər sürətlə baş verməmişdir. İlk enerji keçidini XVIII əsrdə baş verən biokütlədən kömürə yönəlmə kimi ifadə edə bilərik. Hələ XIII əsrdə odunun qiyməti qalxdığına görə kömürdən istifadə edilsə də, o, yalnız 1709-cu ildə metal işçisi Abraham Darbynin kömürün dəmir istehsalında daha effektiv bir vasitə olduğunu sübut etməsindən sonra enerji mənbəyi kimi fərqlənə bilmişdir. XIX əsr “kömür əsri” adlandırılsa da, 1900-cü ilə kimi kömür dünyanın enerji tələbatının yarısını qarşılaya bilməmişdir. 

Neft ABŞda 1859-cu ildə kəşf edilmişdir. Təxminən yarım əsr sonra, birinci dünya müharibəsi ərəfəsində Winston Churchill Kral Donanmasını yanacaqdoldurmanın asanlığı, sürəti və kömür kürəkləyən ekipajın aradan qaldırılmasına görə neftə yönləndirib. Neftin enerji mənbəyi kimi kömürü ötməsi isə 1960-cı illərdə baş vermişdir. Günümüzdə baş verən enerji keçidi isə ətraf mühitin mühafizəsi məqsədi daşıyır. 

Enerji keçidinin insanların həyatında yaratdığı dəyişikliklər

•Evlərdə müşahidə olunan uyğunlaşmalar - istifadə olunan enerji növünə uyğunlaşan istilik sistemləri 

İnsanların enerji üçün uzun müddət biokütləyə əsaslandığını bilirik. İlk mərkəzi isitmə sistemi də romalılar tərəfindən yaradılmış və biokütləyə əsaslanmışdır. Bu sistem bir ucunda ocaq qalanmış kamera və onu dəstəkləyən sütunlardan ibarət idi. Belə isitmə sistemlərindən ziyalıların evlərinin və ictimai hamamların inşasında geniş istifadə olunurdu. Odun sobalarından istifadə ilə mərkəzi isitmənin digər nümunəsi İspaniyadaki Kral Monastırıdır. XIII əsrdə Sistersian rahiblərinin qapalı sobalardan istifadə etdiyi məlumdur. Bacanın ixtirasından sonra istilik sistemləri sürətlə inkişaf etmişdir. Sonraki əsrlər boyu yaşayış yerlərində bacalardan geniş istifadə olunmuşdur. Sənaye inqilabı ilə birlikdə isitmə sistemləri təkmilləşdi. 1885-ci ildə inkişaf etmiş ölkələrdə əsas enerji mənbəyi kimi kömür oduncağı ötdü. İnsanlar evlərinə arabalarla kömür yığınları daşıyır, isinmək üçün sobaya bənzər qurğularda yandırırdılar. Bizə tanış olan radiatorların istifadəsi isə Kraliça Viktoriyanın dövründə məşhurlaşdı. Eynilə keçmişdə olduğu kimi, enerji keçidini evlərdə müşahidə etmək mümkündür. Məsələn, Hindistanda evlərin damına istilik və elektrik enerjisi tələbatını qarşılayan günəş panelləri yerləşdirilir. 

•İş imkanları və şərtlərində dəyişikliklər

Enerji sahəsində inkişaf özü ilə birlikdə iqtisadi böyümə və yeni iş imkanları gətirir. Lakin, diqqətlə baxdıqda bu dəyişikliklərin xoşagəlməz tərəflərini də görürük. Məsələn, kömürün istifadəsinə əsaslanan sənaye inqilabı dövründə insanlar kənddə çörək qazana bilmir, işləmək üçün böyük şəhərlərə gəlirdilər. İnsanların sayı sürətlə artdıqca, həyat şəraitləri pisləşirdi. Həmçinin, kömürün böyük miqdarlarda yandırıldığı bölgələrdə havanın çirkliliyi, buna əsasən, hətta evlərin qiyməti belə dəyişirdi. Buna baxmayaraq, yeni sahələr hər zaman yeni iş yerləri yaradıb. Neft və qaz ilə birlikdə iş imkanları daha da artıb. Beynəlxalq Enerji Agentliyinə əsasən, 2019-cu ildə işçilərin sayı neft sahəsində 8 milyon, təbii qaz sahəsində isə 6.3 milyona çatıb. Bu böyüməni, təbii ki, müasir enerji keçidinə də aid etmək olar. Belə ki, 2022-ci ildə bərpa olunan enerji sahəsində işləyən insanların sayı 12 milyonu ötüb. 

•Enerji keçidləri və insan sağlamlığı

Üstünlük verilən enerji mənbələrinin insanların sağlamlığına təsiri böyükdür. XIX əsrdə havanın keyfiyyəti pisləşmiş, tənəffüs yolları xəstəlikləri və buna bağlı ölümlər kömür yandırılan bölgələrdə çoxalmışdır. Kömür və qazın yandırılmasından alınan məhsullar ağciyərlər, beyin və ürək kimi orqanların fəaliyyətinə mənfi təsir edir. Məsələn, Cənubi Koreyada kömürlə işləyən elektrik stansiyalarının atmosferə buraxdığı toz çirklənməyə səbəb olur, insanların zehnini korlaşdırır. Bunun digər səbəbi də qalıq yanacaqlardır. Mövcud şəraitdə insanların maska taxması tövsiyyə olunur. Digər mənbələrdən fərqli olaraq, bərpa olunan enerji mənbələri ekoloji cəhətdən təmizdir. Bu da həm bizim, həm də gələcək nəsillərin sağlamlığı üçün olduqca önəmlidir.