[email protected] +994 99 303 07 01

Çökmə Süxurların Əmələgəlmə Mərhələləri

Çökmə süxurların əmələgəlmə mərhələləri

Çökmə süxurların əmələgəlməsi ani olmayıb, uzun sürən bir prosesdir. Bu proses hipergenez, sedimentogenez, diagenez mərhələlərinə ayrılır.

1.Hipergenez (aşınma) mərhələsi

Yer səthində ekzogen agentlərin təsiri nəticəsində maqmatik və metamorfik süxurlar mexaniki və kimyəvi aşınmaya məruz qalırlar. Mexaniki aşınmaya bəzən fikizi aşınma da deyilir. Aşınmanın bu formasında ana süxurların ancaq fiziki dəyişilməsi (xırdalanması, parçalanması) müşahidə olunur. Mexaniki aşınma yer səthində mövcud olan temperaturun gün ərzində və fəsillər arasında dəyişməsi, suyun, küləyin təsiri nəticəsində baş verir. Mexaniki aşınmaya təsir edən amillər aşınma prosesində vəhdət təşkil edir, yəni biri digərini tamamlayır. Temperaturun dəyişməsi süxurları təşkil edən mineralların sıxılma və genişlənməsinə səbəb olur. Müxtəlif şəkilli genişlənmə və sixilma ana süxurların içərisində müxtəlif mikroçatların əmələ gəlməsinə səbəb olur. Bu çatlara su daxil olaraq temperaturun aşağı düşməsi nəticəsində bərk hala keçərək həcmini böyüdür, çatların daha da genişlənməsinə, süxurun parçalanmasına səbəb olur. Küləyin təsiri altında süxurun xırdalanması sürətlənir. Mexaniki aşınmanın sonrakı mərhələlərində də sular əsas rol oynayır. Məlumdur ki, çayların eroziyası nəticəsində ana süxurlar mexaniki parçalanır və yerini dəyişir. Mexaniki pozulmada dənizin abraziyası böyük rol oynayır. Bunun nəticəsində hündür sahil zonaları əsrlər boyu dağılır, hissəciklərin ölçüsünə və xüsusi çəkisinə görə ayrılaraq dənizin dayaz yerlərində çökərək qravelit,qum və alevrit layları əmələ gətirir. Kimyəvi aşınmada ana süxurlar daha çox dəyişikliklərə məruz qalır. Ana süxurların yer səthində kimyəvi pozulmasına əsas səbəb onların yerin dərin qatlarına nisbətən tamamilə fərqli termodinamik şəraitə düşməsidir. Məlumdur ki, maqmatik və metamorfik süxurlar yerin dərin qatlarında yüksək T və yüksək P şəraitində əmələ gəlmişdir. Belə yüksək termodinamik şəraitdə yaranan kimyəvi elementlərin və ya onların birləşmələri olan metalların termodinamik potensialı sıfıra bərabər olur. Süxurlar eroziya nəticəsində yer səthinə çıxdıqda onların termodinamik tarazlığı əvvəlki şəraitin dəyişməsinə görə pozulur, nəticədə metamorfik və maqmatik süxurlar müstəqil enerjiyə malik olurlar. Hər hansı sistemin daxili enerjisi sıfırdan çox olarsa, o müəyyən iş görməlidir. Bu iş süxurların pozulması və yeni termodinamik sabitliyin yaranmasına sərf olunur. Ana süxurların kimyəvi aşınmasına əsasən 3 amil təsir edir: 1) turşuluq və qələvilik, 2) oksidləşmə-reduksiya reaksiyaları, 3) karbon qazının atmosferdə və dəniz suyunda parsial təzyiqinin dəyişməsi (Pcoz). Bunların hamısına mühitin fiziki-kimyəvi parametrlərinin dəyişməsi amilləri deyirlər.

2. Sedimentogenez (çökmə) mərhələsi

Bu mərhələ aşınma məhsulunun müxtəlif agentlərin təsiri altında aşınma zonasından gətirlib akkumulyasiya zonasında sabit çökməsi proseslərinin məcmusundan ibarətdir. Süxurların aşınma zonasında yuyulmasına və başqa yerlərə nəql olunmasına təsir edən amillər külək və sudur. Aşınma məhsulu, dağların yamaclarına, dənizin daşlı sahil zonasında, qravitasiya gücünün təsiri altında aşınma zonalarının kənarında toplanır. Yağış və qar suyunun fəaliyyəti nəticəsində bir sıra genetik tip çökmə süxurlar əmələ gəlir. Əgər qırıntı süxurlar cazibə qüvvəsinin təsirindən yamacda toplanırsa, bunlara dellüvial çöküntülər deyilir. Dellüvial çöküntülərdə çeşidlənmə müşahidə edilmir. Dənələrin xarici görünüşü bucaqlı, girintili-çıxıntılı olur. Hamarlanmış dənələrə də rast gəlinir. Yağış və qar suyunun fəaliyyəti nəticəsində yarğanlarda yaranmış çöküntülərə prollüvial çöküntülər deyilir. Bunlar dellüvial çöküntülərə nisbətən suyun təsiri nəticəsində bir qədər zəif çeşidlənir. Qədim prollüvial çökntülərdə sementləşmə, gil hissəciklərinin hesabına gedir. Prollüvial çöküntülərin içərisində diametri 25-50 sm olan qaymalar və çaqil daşları rast gəlir. Dənələr girintili-çıxıntılı olur, hamar dənələrə də təsadüf olunur. Çayların fəaliyyəti nəticəsində çay dərəsində əmələ gələn çöküntülərə allüvial çöküntülər deyilir. Aşınma məhsulu çay vasitəsilə böyük hövzələrə 3 vəziyyətdə gətirilir:  1)diyirlənərək 2) asılı halda, 3) həll olmuş kolloidal vǝ ion məhlulları şəklində.

Sedimentogenez mərhələsində aşınma materiallarının aparılma yollarında va son hövzələrdə çökdürülməsində 2 cür çeşidlənmə prosesi (mexaniki və kimyəvi) müşahidə olunur. Buna çökmə differensisiyası deyilir. Litoloqlar differensiasiyanı 2 yerə ayırmışlar: mexaniki və kimyəvi. Mexaniki differensiasiyada əsas rolu hissəciklərin ölçüsü və xüsusi çəkiləri oynayır. Kimyavi differensiasiyada isə ayrılma prosesi məhlulun konsentrasiyasından, mühitin turşuluq və qələvilik xüsusiyyətindən, həmçinin oksidləşmə-reduksiya potensialının qiymətindən asılıdır.

3.Diagenez prosesi

Diagenez çöküntünün bərkiyib (daşlaşıb) süxura çevrilmə mərhələsinə deyilir. Latınca “di” iki, “genesis” – mənşə deməkdir. Straxov müasir dənizlərdə və hövzələrdə çökmə prosesini tədqiq edərək, onlarda tədricən baş verən dəyişmə və çevrilmələri ümumiləşdirib diagenez nəzəriyyəsini yaratmışdır. O diagenezə çöküntünün daşlaşması, süxura çevrilməsi mərhələsi kimi baxır. Onun fikrincə bu mərhələ hövzənin dibinə çökmüş hissəciklərin sabit vəziyyətə gələn momentindən, terrigen süxurların sementləşməsi, yaxud gil süxurlarında zəncirvari karbonat, fosfat, sulfid konkresiyalarının əmələ gəlməsinə qədər keçən müddəti əhatə edir. Diagenezin getməsinə 2 amil daha fəal təsir göstərir: 1) litogenezin tipi, daha doğrusu hövzənin, akkumulyasiya zonasının iqlim şəraiti, 2) hövzənin tektonik rejimi.

 Diagenez prosesinin çökmə filizlərin əmələ gəlməsindəki rolunu aydınlaşdıraraq onu 2 yarımmərhələyə ayırmışdır. Diagenezin ilkin başlanğıc mərhələsinə ilk diagenez, sonuncu mərhələsinə isə son diagenez adını vermişdir.

1.İlk diagenez- Straxova görə ilk diagenez təzə çöküntüdə baş verən çevrilmələrin, dəyişmələrin məcmusudur. İlk diagenezin şiddətli getməsinə aşağıdakı amillər təsir edir: 1)Çöküntüdə yığılmış üzvi maddənin miqdar, 2) Çöküntünün nəmlik dərəcəsi, 3) Çöküntü əmələ gələn hövzənin hidrokimyəvi tipi, 4) Təzə yaranmış çöküntülərin bakteriya aləmi.

2.Son diagenez- diagenezin bu mərhələsində çöküntüdə autigen minerallar başqa aspektdə əmələ gəlir. Son diagenezdə toplanmış çöküntülər layların təzyiqi altında sıxılır və bərkiyir. Müxtəlif duzlarla zəngin olan qrunt suları sıxılma nəticəsində çöküntünün təzyiqi az olan sahələrinə tədricən hərəkət edib, orada toplanır.