Quyuların ŞQN ilə istismarı zamanı ayrı-ayrı qovşaqların yeyildikcə dəyişdirilməsi
və təmiri tələb edilən avadanlıqların (nasoslar, ştanqlar, qaz, qaz-qum lövbərləri
və başqaları) endirilməsi ilə bağlı yeraltı təmirin aparılmasını şərtləndirən əlavə
səbəblər yaranır. Belə işlər sırasına ilk növbədə quyu nasosunun, yaxud onun
ayrı-ayrı qovşaqlarının dəyişdirilməsi ilə bağlı olan işləri, həmçinin ştanq kəmərində
yaranan nasazlıqların aradan qaldırılmasını və NKB-də sürtünmədən yeyilmələrin
ləğvini aid etmək olar.
Çıxarılan məhsulda qum olan quyularda nasosun dəyişdirilməsi ilə bağlı
olan təmir işləri, bir qayda olaraq, süzgəcin qum tıxacından təmizlənməsi,
yaxud yuyulması ilə birlikdə aparılır.
Aparılan təmir işlərinin növü tətbiq edilən quyu nasosunun
konstruksiyasından asılıdır; əgər quyu qondarma nasosu ilə təchiz edilmişdirsə,
nasosun dəyişdirilməsi üçün yer səthinə yalnız ştanqlar və nasos qaldırılır.
Boru nasoslarından istifadə edildikdə isə, boru və ştanqlar yer səthinə
qaldırılır. Təmir işləri ştanqların qırılması ilə bağlıdırsa, qırılmanın aradan
qaldırılması üçün yer səthinə ştanqların bir hissəsini qırılan yerə qədər,
sonra boruları qırılan ştanqın yuxarı ucu görünən yerə qədər, bundan sonra isə
qalan ştanqları, lazım gələrsə boruları da qaldırmaq lazımdır. Əgər ştanqların
qırılması zamani nasosun plunjeri, yaxud nasos NKB-də tutulmuş (ilişmiş) vəziyyətdə
olarsa, onda ştanqlar açılır, sonradan isə borular qaldırılır. Borular qaldırıldıqdan
sonra quyudibi ölçülür. Əgər qum tıxacı süzgəci örtərsə, tıxacın təmizlənməsi,
yaxud yuyulması həyata keçirilir.