[email protected] +994 99 303 07 01

Polimerlər və onların kimyası

Polimer nədir?

Polimerlər yunanca "poli" – cox, "meros" – hissəcik deməkdir — çoxlu sayda təkrarlanan hissəciklərdən ibarət olan yüksəkmolekullu birləşmələrdir. Polimerləri təşkil edən bu hissəciklər elementar quruluş vahidləri adlandırılır. Bu elementar quruluş vahidlərinə müvafiq gələn, polimerlərin sintez edilməsi üçün sərf edilən ən azı bifunksional maddələrə və ya polimeri təşkil edən hər bir zərrəciyə monomerlər deyilir. Polimerlər öz xassələrinə görə alındıqları monomerlərdən kəskin fərqlənir. Bu isə polimerlərə müstəqil maddələr kimi baxmağa imkan verir. Polimerlər bərk və maye aqreqat hallarında olur. Kiçik molekullu birləşmələrdən fərqli olaraq onlar qaz halında olmurlar. Buna səbəb böyük molyar kütləyə malik makromelekullar arasında çoxlu sayda qarşılıqlı cazibə qüvvələrinin olmasıdır. Makromolekullar bir- birinə görə nizamlı yerləşdikdə kristal, nizamsız yerləşdikdə isə amorf polimerlər əmələ gəlir.


Polimerlərin təsnifatı

•Elementar quruluş vahidlərinin eyni, yaxud müxtəlif olmasından asılı olaraq polimerlər bölünür:

 -homopolimerlər  

 -birgə polimerlər

•Birgə polimerlər təşkil olunduqları elementar quruluş vahidlərinin birləşmə ardıcıllığına müvafiq olaraq bölünür:

 -müntəzəm

 -qeyri-müntəzəm

 -blok birgə polimerlər

 - calaq birgə polimerlər

 •Polimerlər zəncir quruluşlarına görə bölünür:

 -xətti

 -şaxəli

 - torvarı

•Təbiətdə mövcud olmasına yaxud sənayedə alınmasına görə də polimerləri müxtəlif qruplarda cəmləşdirirlər:

 - təbii

 -süni

 -sintetik


Polimerlərin alınması üsulları

Polimerlərin alınmasının əsas üsulları aşağıdakılar hesab edilir:

 1) polimerləşmə

 2) polikondensləşmə

 3) polimerlərin kimyəvi modifikasiyası, daha doğrusu, kimyəvi reaksiya nəticəsində polimerlərin molekul quruluşunun dəyişməsi

Onu da qeyd edək ki, ilk iki halda polimerlər monomerlərdən, üçüncüdə isə mövcud polimerlərdən alınır.

 Polimerləşmə və polikondensləşmə prosesi aşağıdakı mərhələlərdən keçir:

1) aktiv mərkəzlərin əmələ gəlməsi və ya zəncirin yaranması

2) zəncirin böyüməsi

3) zəncirin qırılması

Polimerləşmə prosesində aktiv mərkəzlərin təbiətindən asılı olaraq radikal və ion polimerləşməsi fərqləndirilir. Radikal polimerləşmədən fərqli olaraq, ion polimerləşməsi monomerdə rabitələrin heterolitik qırılması baş verir. Kimyəvi çevrilmələrin köməyi ilə mövcud (təbii və sintetik) polimerlər əsasında yeni sinif polimerlər almaq və onların xassələrini geniş hədlərdə dəyişdirmək olar.

Aşağıdakı növ kimyəvi çevrilmələr fərqləndirilir:

1) molekuldaxili

2) molekullararası

 3) polimer analoji

Molekuldaxili çevrilmələr istiliyin, işığın, kimyəvi agentlərin təsiri altında baş verir. Molekuldaxili çevrilmələr zamanı makromolekulun quruluşu və ya kimyəvi tərkibi dəyişir, lakin reagentlərin birləşməsi baş vermir. Molekullararası çevrilmələr zamanı qonşu makromolekulların tikici agentlərin təsiri altında birləşməsi reaksiyaları (vulkanlaşma) aiddir. Polimer analoji çevrilmələr zamanı isə makromolekulun funksional qruplarının alçaqmolekullu agentlər ilə əsas zəncirin quruluşuna təsir göstərməyən qarşılıqlı təsiri baş verir və makromolekullarda yeni funksional qruplar əmələ gəlir.


Polimerlərin tətbiqi və əhəmiyyəti

 Polimerlər canlı orqanizmlərin həyatında mühüm rol oynayır. Ağaclara, otlara möhkəmlik verən sellüloza polimerdir. Geyimin hazırlandığı yun, pambıq və s. məhz polimer liflərdən ibarətdir. Hörümçək toru, ipəkqurdu baraması özü də polimerdir. Genetik kodun daşıyıcısı olan DNT də polimerdir. Müasir dünya polimersiz təsəvvür etmək qeyri-mümkündür. Geyim, qida, qablaşdırma, tikinti, nəqliyyat, tibb və bir çox başqa sahələrdə tətbiq olunan polimerlər bizim həyatımızın əvəzolunmaz bir parçasıdır. Onlar dielektrik, yarımkeçirici və naqildirlər. Onlar həryerdədir.