[email protected] +994 99 303 07 01

Dənizdə quyuların təmir xüsusiyyətləri

Dənizdə quyuların təmir xüsusiyyətləri


Dəniz neft mədənlərində kəşfiyyat, istismar və vurma quyularının texnoloji mənimsənilməsi, onların cari və əsaslı təmiri, quyularda aparılan analoji işlərdən əhəmiyyətli dərəcədə fərqlənmirlər. Lakin, dəniz quyularında aparılan bu işlər bu xüsusiyyətlərinə görə əhəmiyyətli dərəcədə mürəkkəbləşirlər:


dəniz quyularının quyuağzında işçi meydançaların məhdudluğu ilə;

·       dəniz quyularının əsas material-texniki bazalardan, sex və emalatxanalardan çox uzaqlığı ilə;

·       maili-istiqamətlənmiş üsulla bir küt quyudan qazılmış quyuların sayının çoxluğu, yəni quyu lülələrinin böyük əyriliyi ilə;

·       təmir işlərinin və quyuların mənimsənilməsi üzrə əməliyyatların açıq dənizdə hidrometeoroloji şəraitdən asılılığı ilə;

·       dənizin neftlə, lay suları ilə, turşularla, qələvi və kimyəvi reagentlərlə, həmçinin neft ilə doymuş qum və çirk ilə çirklənmədən qorunması tələbləri ilə və s.


Bir çox hallarda təmir işləri fəaliyyətdə olan fontan və qazlift quyularının bilavasitə yaxınlığında aparılırr, bu da yanğınların baş verməsi nöqteyi-nəzərindən təhlükəlidir. Ayrı-ayrı dəniz əsaslarında aqreqatların və müxtəlif mexanizmlərin quraşdırılması üçün sərbəst işçi sahə bir qədər böyük ola bilər. Aydındır ki, dəniz quyularında təmir işləri onların quyu ağızlarının dəniz dibində, yəni su altında olduğu halda daha artıq mürəkkəbləşir.


Meydançaların ölçüləri kiçik olduğundan və ayrı-ayrı özüllərin çoxunda elektrik enerjisi olmadığından, dəniz neft mədənlərində nasosla istismar üsulu məhdud tətbiq edilir. Dəniz quyularının çoxu, lay təzyiqini saxlamaqla, fontan, yaxud qazlift üsulu ilə istismar edilir.


Buna görə də, dəniz quyularında təmir işləri əsasən NKB ilə qaldırıb-endirmə əməliyyatlarından, həmçinin quyuların qum tıxaclarından yuyulması və təmizlənməsindən, vurma quyularının drenajından və müxtəlif tədqiqat işlərindən, geoloji-texniki tədbirlərdən və quyuların quyudibi zonasına təsir üsullarından ibarətdir.


Quyuların kanat texnikasının köməyi ilə cari təmiri həm yeni, həm də köhnə neft və qaz yataqlarında getdikcə daha geniş tətbiq edilir. Çox zaman dəniz neft və qaz yataqlarında bu işlər aşağıdakı şərtlərlə:


·       təmir edilən quyuların estakadayanı meydançalarda  və stasionar  platformalarda yerləşməsi;

·       tez-tez baş verən fırtınalı hava;

·       quyuların böyük dərinlikləri (3000-5000 m);

·       maili-istiqamətli quyuların lüləsinin əhəmiyyətli şəkildə əyrilməsi ilə mürəkkəbləşir.


Kanat texnikasının köməyi ilə cari təmir edilən quyular kanat aləti ilə qarşılıqlı əlaqədə olan xüsusi quyu avadanlığı ilə təchiz olunur. Kanat texnikasının tətbiqi imkanını təmin edən yeraltı quyu avadanlığı sistemində əsas düyün, daxili səthlərində yaxud yiv birləşmələrinin qovşağunda xüsusi qıfıl qurğularının yerləşdirilməsi və bərkidilməsinə xidmət edən nasos-kompressor borularıdır. Beləliklə, bu halda nasos-kompressor  boruları yalnız quyu məhsulunun kənara çıxarılmasına qaldırıcı kimi xidmət etmir, həm də, quyuya məftildə, yaxud trosda endirilən  alətin köməyi ilə işlərin aparılması üçün zəruri olan, avadanlığın bütün düyünləri arasında əlaqələndirici düyündür.