[email protected] +994 99 303 07 01

Neft və onun kimyəvi tərkibi

Neftin çıxarılması

Əgər neft yerin üst qatına yaxın yerləşirsə onda o sadə üsulla əldə edilə bilər. Dərinlikdə yerləşən laylara çatmaq üçün isə quyu qazılir və oraya borular salınır. Dənizdə nefti çıxarmaq üçün xüsusi qazma plarformalarının tətbiqi lazım gəlir.

Yer təkini qazmaq üçün qazma baltalarından istifadə edilir. Qazma baltası uzun, bir-birinə bağlanmış boruların uc hissəsinə bağlanılır. Əksər hallarda Qazma baltası bir-brinə nisbətən bucaq altında yerləşmiş 3 dişli konus formalı diyircəkdən ibarət olur. Belə baltalar nisbətən yumşaq süxurların keçilməsi üçün tətbiq edilir.

Başqa konstruksiyalarda hərəkətli hissələr olmur. Onların kəsici hissəsi almaz, kəsici keramika və ya bərk xəlitədən hazırlanır. Baltanı dəyişmək üçün bütün borular qazılmış quyudan yerin səthinə çıxarılmalıdır. Alətin dəyişilməsinin səbəbi onun sınması və ya kəsicilik qabiliyyətinin itməsi ola bilər. Qazma baltasi qırıldıqda əvvəlcə çalışırlar ki, qazma borularının daxilinə tutqac sallasınlar ki, sınmış hissəni xaric etsinlər.

Balta poladdan hazırlanmış qazma boruları ilə birlikdə elektrik mühərriki vasitəsilə dəqiqədə 100 dövr sürətlə saat əqrəbi istiqamətində fırladılır. Qazma borularının soyudulması və əsasən də qazılmış suxur hissəciklərinin yerin səthinə qaldırmaq üçün xüsusi mayelərdən (əsasən gil məhlulundan) istifadə edirlər. Maye qazma boruları ilə quyuya vurulur, beləki, o, baltanın deşiklərindən çıxıb boru ilə quyu divarları arasında yaranan həlqəvi fəza ilə quyu ağzına doğru hərəkət edir. Süxur hissəciklərinin maye ilə quyu ağzina doğru hərəkətini təmin etmək üçün o, yüksək özlülüyə malik olmalıdır. Bu maye sudan, polimerdən və gil məhlulundan ibarət olur.

 

Neftin element tərkibi

Neftin tərkibinə karbohidrogenlərlə bərabər kükürdlü birləşmələr, mono və disulfidlər, tioefenlər, və həmçinin politsiklik maddələrdə daxildirlər. Element tərkibi (%): С — 82—87,Н2 — 11—14,5, S — 0,01—6 (nadir hallarda 8-ə qədər), N — 0,001—1,8, O2 — 0,005—0,35 (nadir hallarda 1,2-yə qədər ) və s. Neftin tərkibində 50-dən artıq kimyəvi element vardır. Qeyd olunanlarla bərabər V(10−5 — 10−2%), Ni(10−4−10−3%), Cl (2•10−2%-ə qədər) və başqaları. Bu tərkib neft hasil olunan ərazilərdən asılı olaraq dəyişir. Ona görə də, bu haqda ümumi fikir söyləmək çətindir.

 

Kükürdlü birləşmələr

Kükürdün birləşmələri arasında ən təhlükəlisi hidrogen sulfid hesab olunur. O, qaz halında olub kəskin iylidir və həm də böyük zəhərliliyə malikdir. Təmiz halda o, insanı ani olaraq öldürür. Havad o, hətta az miqdarda (0,01 %-ə yaxın) olduqda da təhlükə olduqca böyükdür. Hidrogen sulfid ona görə təhlükəlidir ki, orqanizmdə toplana bilir, hemoqlobinin tərkibinə daxil olan dəmir ilə birləşə bilir və bu da olduqca ağır oksigen aclığına və ölümə səbəb ola bilir.Kükürdün daha geniş məlum olan və insan tərəfindən istifadə olunan birləşmələri aşağıdakılardır: H2S – hidrogen sulfid; Na2S – natrium sulfid; H2SO4 – sulfat turşusu.

 

Karbohidrogenlər

Karbohidrogenlər – yalnız karbon və hidrogen atomlarından ibarət olan birləşmələrdir.

Karbohidrogenlər iki yerə bölünür:

       Doymuş karbohidrogenlər

       Doymamış karbohidrogenlər

Karbon atomları arasında yalnız birqat rabitə olduqda doymuş karbohidrogenlər, bir və ya bir neçə ikiqat, üçqat rabitə olduqda isə onlar doymamış karbohidrogenlər adlanır. Bu birləşmələr tərkiblərindəki karbon və hidrogen atomlarının nisbətinə görə fərqlənir. Bir hidrogen atomu çıxarılmış karbohidrogenlərə  Hidrokarbillər deyilir. Aromatik karbohidrogenlər, alkanlar, alkenlər, alkinlər, tsiklo-alkanlar və s. Karbohidrogenlərin müxtəlif sinifləridirlər. Yerdə təbii şəkildə tapılan karbohidrogenlərin əksəriyyəti xam neftin tərkibində rast gəlinir. Hansı ki, burada parçalarına ayrılmış üzvi birləşmələr karbon və hidrogen bolluğu yaradır ki, bunlar da birləşdikdə sonsuz uzunluğa malik ola biləcəyi düşünülən zəncirlər əmələ gətirə bilirlər.

 

Neftin kimyəvi tərkibi

Neft təxminən 1000-dən çox komponentin qarışığından ibarətdir. Onların bir çoxunu 3 maye karbohidrogenlər (80—90 %) və azotlu, oksigenli və kükürdlü heteroatomlu üzvi birləşmələr (4—5 %) təşkil edir. Buraya həmçinin metallar (vanadium və nikel), həll olunmuş karbohidrogen qazları (C1-C4, maksiumum 4 %-ə qədər), su ( maksiumum 10 %ə qədər), müxtəlif minerallar (xloridlər, 0,1—4000 mq/l və daha artıq), üzvi turşuların duzlarının məhlulu və s. Də daxildir.

Alışma temperaturu-neft məhsulunun buxarı ilə ətraf mühitin havasının qarışığına xaricdən alov mənbəyi (alov, elektrik qığılcımı və s.) müdaxilə etməklə qısa müddətli alov yaradan minimal temperaturdur. Neft məhsullarının alışma temperaturunun təyini- ГОСТ və beynəlxalq ASTM sınaq üsulları ilə açıq və bağlı putada aparılır. Neft və neft məhsullarının alışma temperaturunun açıq putada təyini- ГОСТ 4333; ASTM D92 sınaq üsulları ilə aparılır. Neft və nef məhsullarının alışma temperaturunun bağlı putada təyini — ГОСТ 6356; ASTM D93 sınaq üsulları ilə aparılır.  Alışması yüksək temperaturlarda olan neft və neft məhsulların sınağı açıq, aşağı olan isə — bağlı putalarda aparılır. Alovlanma temperaturu- sınanan məhsulun buxarına xaricdən alov mənbəyi (alov, elektrik qığılcımı və s.) müdaxilə etməklə sabit sönməyən alov yaradan minimal temperaturdur. Alovlanma temperaturu alışma temperaturundan 30-40 dərəcə yüksək olur. Öz-özünə alovlanma temperaturu — neft məhsulunun buxarı ilə ətraf mühitin havasının qarışığını xaricdən alov mənbəyi olmadan öz-özünə alovlanan minimal temperaturdur. Özü-özünə alovlanma temperaturu alışma temperaturundan bir neçə yüz dərəcə yüksək olur.