Neftin sıxışdırılması
Neft
yataqlarında qalıq neftin sıxışdırılaraq çıxarılması məqsədilə məhsuldar
laylara qazın vurulması, nisbətən köhnə
tətbiq edilən ikinci üsullardandır. Dünyada birinci dəfə bu üsul ABŞ-ın Oqayo ştatının Marietta şəhərində
XX əsrin başlanğıcında tətbiq edilmişdir. Ona görə də laydakı qalıq neftin bu
üsulla sıxışdırılması prosesini “Mariyetta üsulu”da adlandırırlar
Yataqlarda neftin bu üsulla
sıxışdırılması prosesində onun neftli sahəsi qaz vurulması üçün cərgələr üzrə
elementar vurma sahələrinə bölünür, bu sahələrin hər biri bir neçə istismar
quyusundan və tam onların mərkəzində yerləşdirilmiş bir vurucu quyudan ibarətdir.
Əgər vurucu
quyular neftli sahə üzrə bərabər ölçüdə paylanmışdırsa, onda belə üsulu məhsuldar
laylara qazın sahələr üzrə vurulması üsulu adlandırırlar (“ploşadnaya
zakaçka”). Laya vurulmuş yüksək təzyiqli sıxılmış qaz vurucu quyunun quyudibi
zonasından başlayaraq məhsuldar laydakı nefti layın məsamələrindən çıxararaq
layın təzyiq az olan hissələrinə doğru sıxışdıraraq itələyəcək, yəni laydakı
istismar quyularının diblərinə doğru.
Adətən bu məqsədlə neft
yataqlarındakı fəaliyyətdə olan istismar quyularından və ya fəaliyyətini
dayandırmış quyular arasından seçilərək istifadə edilir, ancaq belə halın
mümkünsüz olduğu vəziyyətlərdə bu məqsəd üçün xüsusi vurucu quyu qazılır. Yataqlarda adətən bir vurucu
quyuya 4¸10 istismar quyusu düşür. Vurucu quyu qismində
seçilmiş quyu aşağıdakı göstərilən tələblərə cavab verməlidir:
1. İşçi agentin sızmasına və itkisinə yol verməmək
üçün quyu tam hermetik olmalıdır;
2. Seçilmiş vurucu quyu özündən
yuxarıda və aşağıdakı laylardan etibarlı izolə (təcrid) edilməlidir;
3. Quyu yüksək təzyiqlə vurulan işçi
agenti yaxşı qəbuletmə qabiliyyətinə malik olmalıdır.
Vurucu quyuların seçimi zamanı o quyulara üstünlük verilməlidir ki, əvvəlki istismar prosesi zamanı onlar az məhsuldarlı olmuşdur. Bilindiyi kimi, aşağı məhsuldarlılıq ona dəlalət edir ki, həmin sahədə məhsuldar layın effektiv keçiriciliyi aşağı olur. Buna görə də qəbul edilir ki, layda neftin sıxışdırılması prosesini aşağı keçiricilikli sahədən yaxşı keçiriciliyə malik olan (əvvəlki istismar prosesi zamanı layın bu sahəsindəki lay enerjisi daha çox tükənməyə məruz qalmışdır) sahəyə doğru sıxışdıraraq çıxarmaq daha məqsədəuyğundur.
Məhsuldar laya qazın vurulması
Məhsuldar laylara qazın vurulması
prosesi həyata keçirilərkən, işçi agent kimi təbii neft qazından istifadə etmək
daha məqsədəuyğundur. Laya vurulmuş yüksək təzyiqli qaz vurucu quyunun dibindən
başlayaraq istismar quyusuna qədər öz hərəkət yolu boyu lay qazı ilə qarışacaq,
yəni onun tərkibi benzin fraksiyalı qazlarla zənginləşəcək. İstismar quyuları vasitəsi ilə
yer səthinə çıxarılan bu qazları təmizləyərək benzinsizləşdirmək lazımdır.
Neftin sıxışdırılması üçün laylara vurulacaq işçi agent kimi təbii qaz
olmadıqda, işçi agent kimi havadan istifadə edilir, hansı ki, təbii qaza nisbətən
nefti süxur məsamələrindən daha yaxşı sıxışdıraraq (10%-dən çox) çıxarır. Bu
onunla izah olunur ki, yüksək təzyiqlə neftin sıxışdırılması zamanı hava neftdə
3¸4 dəfə daha az həll olunur, nəinki təbii quru qaz.
Neftin sıxışdırılması prosesində havanın tətbiqi aşağıdakı arzuolunmaz proseslərə
gətirib çıxara bilər:
1. Təbii lay qazının keyfiyyəti pisləşir, o daha az kalorili olur və bəzi hallarda isə o yanacaq kimi istifadəyə yararsız olur, çünki hava ilə təbii qazın qarışması nəticəsində partlayış qarışığının yaranması mümkündür (havanın tərkibində metanın həcmi 5¸15% olduqda və ya 1,5%-dən 6%-dək yuxarı onun tərkibində ağır karbohidrogenlər iştirak etdikdə);
2. Bəzi hallarda qətran yaranması, hansı ki, lay süxurlarının məsamələrini bağlayaraq tuta bilər;
3. Quyu daxili avadanlığın korroziyaya uğramasının mümkünlüyü, xüsusən də lay məhsulunda lay suyu və kükürd olduqda;
4. Layda lay suyu olduqda dayanıqlı emulsiyaların
yaranmasının mümkünlüyü;
5. Laylara vurulan hava ilə lay suyunun qarşılıqlı təsiri nəticəsində duz çöküntüləri (xüsusən dəmir duzu) yaranıb çökə bilər;
6. Havanın oksidləşdirici qabiliyyətinin olması, neftin özlülüyünün və xüsusi çəkisinin artmasına gətirib çıxara bilər, hansı ki, hava vurma prosesinin təzyiqinin daha yüksək olmasını zəruri edir.
Lakin yuxarıda sadalanan
çatışmazlıqlara baxmayaraq, laylara sıxılmış havanın vurulmasını təbii qaz olmayan yerlərdə müvəffəqiyyətlə həyata keçirirlər.
Məhsuldar laylara qazın vurulması və onun məsaməli
mühitdə sıxışdırılan neftlə birlikdə istismar quyularına doğru hərəkəti tələb
edir ki, qaz müəyyən təzyiq altında vurulsun. Bu vurulan yüksək təzyiqli sıxılmış
qazın optimal təzyiqinin qiymətini müəyyən etmək çox çətindir, praktiki olaraq
qeyri mümkündür. Mədənlərdə praktiki olaraq qazvurma prosesi başlanır və bu
zaman lay təzyiqi əsas götürülərək qazvurma təzyiqini lay təzyiqindən 10- 15%
yüksək (artıq) saxlayırlar. Qazvurma prosesi stabilləşdikdən sonra qazvurma təzyiqini
dəqiqləşdirirlər. Məhsuldar layın keçiriciliyindən və vurucu quyunun qəbuletmə
qabiliyyətindən asılı olaraq vurma təzyiqi vurucu quyular üçün müxtəlif olur. Hər
bir konkret vurucu quyu üçün vurma təzyiqini təcrübə yolu ilə tapmaq lazımdır.
Adətən laylara qazvurma prosesini kiçik həcmlərlə
başlayırlar ki, vurulan qazın istismar quyularına doğru qaz-neft sərhədini
yararaq önə (irəli) çıxmasının qarşısını almaq mümkün olsun. Bundan sonra laya vurulan
qazın həcmini tədricən artıraraq ən səmərəli variantı təcrübə yolu ilə müəyyən
edirlər. Normal göstərici kimi onu hesab etmək olar ki, məhsuldar layın 1 m
effektiv süzgəci vasitəsi ilə laya bir gündə vurulan qazın həcmi 100¸150 m3 olsun. İstismar
quyuları ilə çıxarılan hər bir ton əlavə neft üçün işçi agentin xüsusi sərfi
300¸1500 m3 -ə qədər çata bilər. Neftin çıxarılmasının
ümumi artımı qazvurma prosesinin hesabına 10¸30%-dən yuxarı təşkil etmir,
ancaq ayrı-ayrı istismar quyuları üzrə bu artım çox yüksək ola bilər.
Laylara qazvurma prosesinə nəzarəti
laya vurulan qazın həcmini və onun təzyiqini fasiləsiz ölçməklə həyata keçirərək
təmin etmək mümkündür. Vurulan qazın hesabatını qaz paylayıcı budkalarda qoyulmuş sərfölçənlər
vasitəsi ilə aparırlar. Rübdə bir dəfə hər istismar quyusundan götürülmüş
neftin analizi zəruridir. Neftin keyfiyyətinə nəzarətin həyata keçirilməsi imkan
verir ki, qazvurma prosesinin neftin keyfiyyətinə təsirini müəyyən edək.
Yataqlara vurulan qazın hərəkətini müəyyənləşdirmək
üçün istismar quyularında onun miqdarı ölçülür və analizi aparılır. Əgər laya sıxılmış hava
vurulursa, onda analiz aparılarkən onun tərkibindəki oksigenin, azotun və
karbon turşusunun miqdarını nəzarətdə saxlayaraq izləmək lazımdır. Qazvurma
prosesinə ən yaxşı nəzarət etmə üsulu quyudibinə dərinlik manometrləri endirərək
quyudibi təzyiqlərinin ölçülməsidir. Qazvurma prosesində elə hallar olur ki,
qaz ancaq bir istiqamət üzrə yaxşı hərəkət edir, bunu isə istismar quyularında
qaz faktorunun (amilinin) kəskin artması ilə müəyyən etmək mümkündür. Laylara
hava vurulduqda isə qazın tərkibinin dəyişməsi və bəzi istismar quyularının
boruarxası fəzasında təzyiqin kəskin artması ilə müəyyən etmək olar. Laylara
vurulan qazın layda hərəkəti zamanı onun qaz-neft təmas xəttini yararaq önə
çıxmasının ilk əlamətləri müşahidə edilərkən dərhal ona qarşı müvafiq tədbirlər
görülməlidir. Əgər hər hansı bir quyuda yuxarıda qeyd edilmiş hal aşkarlanarsa,
onda ya vurulan qazın, ya da istismar quyusu ilə çıxarılan mayenin həcmini
azaltmaq lazımdır. Bəzi hallarda isə ümumiyyətlə istismar quyusunun
bağlanılması zərurəti yarana bilər
Quyuların dayandırıldığı müddətdə quyuların ətrafında
təzyiqlər tədricən bərabərləşir və qazın yararaq önə çıxdığı sahələrdə neftlə
dolur, quyu təkrar işə buraxıldıqda o bir müddət normal işləyir, o vaxta qədər
ki, qaz yenə qaz-neft təmas sərhədini yararaq önə çıxır. Bəzi hallarda isə
quyular dayandırıldıqdan sonra quyuya müəyyən miqdarda neft vururlar ki, neft
qazın yarma yollarına dolaraq o yolları bağlasın.
Laylara vurulan qazın qaz-neft təmas xəttini
yararaq önə çıxdığı istiqamətdəki vurucu quyunu periodik olaraq bağlamaq
mümkündür. Əgər bu, kömək etmirsə, onda quyuya su və ya gilli məhlul vururlar
(laylarda səthi gərilməni azaltmaq üçün bu məhlullara səthi aktiv maddələr –
SAM vururlar). Bu
görülən tədbir layda qaz fazası üçün keçiriciliyi azaldır, maye üçün isə
artırır. Bəzi hallarda isə vurucu quyuların istismar quyusu kimi və ya istismar
quyusunun vurucu kimi işlədilməsində kömək edə bilər.
İstismar kəmərləri normal olduqda
vurucu quyulara nasos-kompressor boruları endirilir. Əgər vurucu quyunun
istismar kəmərində qüsur aşkar edilərsə, onda quyuya endirilən nasos-kompressor
borularını pakerlə endirərək boruarxası fəzanı lay-quyu əlaqəsindən təcrid
edirlər. Vurucu quyuların quyuağzında vurma xəttinin üzərində özü qeyd edən
(yazan) manometr quraşdırılır və mütəmadi olaraq qazdan nümunə götürmək üçün
kran yerləşdirilir.