Atom-emission analiz nədir?
Atom emission analiz yüksək temperaturlu atomlaşdırıcı faktorların təsiri ilə analiz olunan maddənin atomlaşdırılmasından alınmış sərbəst element atomlarının həmin şəraitdə həyəcanlanmasına və özlərindən buraxdığı elektromaqnit şüalarının intensivliyinin ölçülməsinə əsaslanır.
Atomlaşdırıcı və həyəcanlandırıcı faktorlar
Atom-emission analiz metodlarında analiz olunan nümunə həm atomlaşdırılmalı, həm də həyəcanlandırılmalıdır. Deməli, bu metodlarda atomlaşdırıcı faktorlar eyni zamanda 2 funksiyanı,yəni həm atomlaşdırıcı , həm də həyəcanlandırıcı funksiyaları yerinə yetirməlidir. Atomlaşdırıcı və həyəcanlandırıcı faktor kimi atom-emission analiz metodlarında müxtəlif mənbələrdən, daha çox yüksək temperaturlu alovdan, elektrik qövsündən, elektrik qığılcımından və induktiv əlaqəli plazmadan istifadə olunur.
Yüksək temperaturlu alov
Bu metodlarda atomlaşdırıcı mənbə kimi əsasən yüksək temperaturlu alovdan istifadə olunur. Burada istifadə olunan alov 1500-3000°C temperatura malik olur ki, bunu da müxtəlif qaz qarışıqlarından istifadə etməklə əldə etmək olar. Məsələn, məişət qazı ilə hava qarışığının yandırılması zamanı 1500°C, asetilenlə azot-1-oksid qarışığının yandırılması zamanı isə 3000°C temperatur yaranır. Alovdan atomlaşdırıcı kimi istifadə zamanı analiz olunan nümunə məhlul halına keçirilməlidir.
Elektrik qövsü
Elektrik qövsündən atomlaşdırıcı kimi istifadə edilməsi zamanı 3000-7000°C temperatur yaranır. Bu zaman analiz olunan nümunə bərk halda analiz olunur. Atom-emission analiz metodlarında elektrik qövsü olaraq dəyişən və sabit cərəyan boşalmalarından istifadə olunur. Bu üsulla nümunənin atomlaşdırılması üçün aralarında cərəyan boşalmasının baş verməsi mümkün olan 2 elektroddan istifadə olunur. Bu atomlaşdırıcı mənbədən istifadə etməklə alovdan istifadə ilə müqayisədə daha çox sayda element atomlarını təyin etmək olur və təyinatın aşağı sərhəddi əksər elementlər üçün təxminən 10-100 dəfə azalır.
Elektrik qığılcımı
Elektrik qığılcımından atomlaşdırıcı mənbə kimi istifadə etdikdə təxminən 10000-12000°C temperatur yaranır. Elektrik qövsündə olduğu kimi elektrik qığılcımından istifadə zamanı əsasən nümunə bərk halda analiz edilir. Lakin, bu üsulda analiz olunan nümunə bəzən maye aerozol şəklində atomlaşdırıcıya verilir. Elektrik qığılcımının alınması üçün elektrik qövsündə olduğu kimi 2 elektroddan istifadə olunur. Onların bir-birinə nəzərən vəziyyətini dəyişməklə yüksək temperaturlu elektrik qığılcımı əldə edilir. Lakin bu cür yaradılan elektrik qığılcımı sabit temperatura malik olmadığından sistemdə termodinamiki tarazlığa nail olmaq mümkün olmur. Buna baxmayaraq, elektrik qığılcımı kifayət qədər yüksək temperatura malik olduğundan daha çox sayda element atomlarının, hətta olduqca çətin həyəcanlanan halogenlərin təyininə imkan verir.
İnduktiv əlaqəli plazma
İnduktiv əlaqəli plazma ən müasir atomlaşdırıcı mənbə hesab olunur. Bu metoddan atomlaşdırıcı mənbə kimi istifadə zamanı 6000-10000°C temperatur yaranır və bu metodda nümunə məhlul halında analiz olunur. Bu cür atomlaşdırıcı kimi xüsusi konstruksiyalı 3 konsentrik kvars trubkaya malik plazmalı odluqdan istifadə olunur. Plazma fazanın yaradılması üçün isə təmiz arqondan istifadə olunur.