[email protected] +994 99 303 07 01

Proqram Təminatı İnkişafının Həyat Dövrü

Hər hansı şirkət və ya müəssisə üçün mürəkkəb proqram təminatı-nın yaradılmasına gəldikdə, necə başlamaq lazım olduğunu bilmək çətin ola bilər. Axı problemi düzgün müəyyənləşdirmək və proqram təminatının onu effektiv şəkildə həll edə bilməsini təmin etmək kimi bir çox amilləri nəzərə almaq lazımdır. Belə situasiyalarda proqram şirkətləri planlaşdırma, dizayn, inkişaf və s. proseslərini sadələşdirmək üçün proqram təminatı inkişafının həyat dövründən istifadə edirlər. Bəs proqram təminatı inkişafının həyat dövrü  nədir?

Proqram təminatı inkişafının həyat dövrü - ən qısa müddətdə, yüksək keyfiyyətli və ən az xərclə proqram təminatı yaradılmasına kömək edən prosesdir. 

Proqram təminatı inkişafının həyat dövrü əsasən 6 və ya 7 mərhələdən ibarət olur: Layihə planlaşdırması (Planning), Tələblərin toplanması və analizi (Requirements Gathering and Analysis), Dizayn (Design), Kodlaşdırma (Coding or Implementation), Test etmə (Testing), Yerləşdirmə (Deployment) və Texniki xidmət (Maintenance). 

 


İndi isə, gəlin bu mərhələlər ilə yaxından tanış olaq:

PLANLAŞDIRMALayihənin əhatə dairəsini və məqsədlərini müəyyən edən təməl mərhələdir. Bu mərhələdə layihəni icra edən qrup onun əhatə dairəsini müəyyən edir, son tarixləri və layihəni başa çatdırmaq üçün lazım olan resursları müəyyənləşdirir. Komanda həmçinin yerinə yetirilməli olan müxtəlif tapşırıqları və onların yerinə yetirilməsinin ardıcıllığını əks etdirən layihə planı yaradır.

TƏLƏBLƏRİN TOPLANMASI VƏ ANALİZİ: Proqram təminatı inkişafının həyat dövründə növbəti, yəni 2-ci mərhələ tələblərin toplanması mərhələsidir, burada layihənin maraqlı tərəfləri proqram təminatının funksional və qeyri-funksional tələblərini müəyyən etmək üçün əməkdaşlıq edirlər. Bura istifadəçi ehtiyaclarını və gözləntilərini anlamaq üçün müsahibələr, seminarlar və sorğuların keçirilməsi aid ola bilər. Məsələn, elektron ticarət proqramında tələblərə istifadəçi qeydiyyatı, məhsul kataloqunun idarə edilməsi və ödəniş prosesi daxil ola bilər.

DİZAYNTələblər toplandıqdan sonra sistemin təhlili və dizayn mərhələsi başlayır. Bu mərhələdə inkişaf qrupu toplanmış tələbləri təhlil edir və proqram arxitekturasını, məlumat modellərini, istifadəçi interfeyslərini və sistem komponentlərini dizayn edir. Məsələn, mobil bank tətbiqində bu mərhələ istifadəçi interfeysinin, verilənlər bazası sxeminin və təhlükəsizlik protokollarının dizaynını əhatə edəcək.

KODLAŞDIRMABu mərhələdə isə bir qrup proqramçı tərəfindən verilmiş dizayna əsasən məhsulun kodları yazılmağa başlayır. Belə ki, proqram tərtibatçıları tələbləri təhlil edir və qrupdakı hər bir proqramçı təyin edilmiş müddət ərzində öz öhdəsinə düşən kiçik tapşırıqları yerinə yetirir. Bunun üçün proqramçılar müxtəlif proqramlaşdırma dillərindən və alətlərdən istifadə edir, 1.    kodlaşdırma standartlarına əməl edirlər. Sonra isə layihənin yazılmış kodları yoxlanış üçün növbəti mərhələyə - test etmə mərhələsinə keçid edir.

TEST ETMƏ: Test etmə zamanı komanda proqram təminatının müştəri tələblərinə cavab verdiyinə və səhvsiz olmasına əmin olmaq üçün onu hərtərəfli sınaqdan keçirir və adətən belə bir sual ortaya çıxır: biz istədiyimiz nəticəni əldə etdikmi? Proqram təminatının inkişaf dövrünün bu mərhələsində kodlar avtomatlaşdırma və əl ilə yoxlanılır. Əgər sınaq mərhələsində hər hansı bir qüsur aşkar olunubsa, onlar aradan qaldırılır. Yalnız bundan sonra növbəti mərhələyə keçid etmək olar. Əksər hallarda, test mərhələsi kodlaşdırma mərhələsinə paralel aparılır ki, səhvlər mümkün qədər tez həll olunsun.

YERLƏŞDİRMƏKodlar sınaqdan keçirildikdən sonra yerləşdirmə mərhələsinə keçid edir. Burada komanda artıq bütün qüsurları aradan qaldırmış sayılır və proqram təminatının razılaşdırılmış məqsədlər və spesifikasiyalara uyğun qurulduğundan əmin olur. Növbəti əsas məqsəd isə proqram təminatını real istifadəçilərə buraxmaqdır ki, onlar proqramdan(məhsuldan) istifadə etməyə başlaya bilsinlər.

TEXNİKİ XİDMƏT: Proqram təminatı artıq işlək olduğundan və müştəri tərəfindən istifadə edildiyindən, proqramçılar qrupu proqram təminatının saxlanmasına diqqət yetirəcək. Tərtibatçılar təkmilləşdirmələr, səhvlərin düzəldilməsi və yeni funksiyalar barəsində istifadəçinin tələb və istəklərinə cavab verməyə hazır olmalıdır. Bu sorğular bir çox mənbələrdən gələ bilər, lakin məhsul idarəetmə komandası bunlardan hansının məhsulun yol xəritəsində olacağını müəyyən edir. 

Bütün bu mərhələlərə əməl olunaraq yaradılan məhsul və ya proqram isə daha effektiv və səmərəli olur.