Xromatoqrafik
analiz çox nümunəli və çox komponentli olmaqla mürəkkəb tərkibli maddələr qarışığının
ayrılmasının və analizinin ən effektli və universal metodlarından biridir. Bu
metod elm və texnikanın müxtəlif sahələrində çox geniş tətbiq sahəsinə
malikdir. Təkcə bunu qeyd etmək lazımdır ki, bu üsulun köməyi ilə ən mürəkkəb tərkibli
heyvani və bitki mənşəli təbii qarışıqlar, Anadir torpaq elementləri tərkib
hissələrinə ayrılmış, radioaktiv parçalanma məhsullarından transuran elementləri
ayrılmış və öyrənilmişdir.
Bəs
xromatoqrafiya nədir?
Xromatoqrafiya
komponentlərin iki faza, yəni hərəkətsiz və hərəkətli faza arasında paylanmasına
əsaslanan maddələrin ayrılmasının fiziki-kimyəvi metodudur. Xromatoqrafiya
hibrid analitik metoddur. Belə ki, xromatoqrafik kalonka analitik sistemlərin
ayırma və təyinatla əlaqədar olan hissəsidir.
Xromatoqrafik
metodların təsnifatı:
·
1. hərəkətli və hərəkətsiz fazaların aqreqat halına görə
·
2. sorbent–sorbat qarşılıqlı təsirinin mexanizminə görə,
·
3. sorbent təbəqəsinin formasına (yerinə yetirilmə texnikasına) görə,
·
4. xromatoqraflaşdırmanın məqsədinə görə.
I. Fazaların aqreqat halına görə xromatoqrafiyanı qaz və
maye xromatoqrafiyaya ayırırlar. Qaz xromatoqrafiyaya qaz-maye və qaz-bərk,
maye xromatoqrafiyaya maye-maye, maye-bərk və maye-gel xromatoqrafiyası
daxildir. Metodun adındakı birinci söz hərəkətli fazanın, ikinci söz hərəkətsiz
fazanın aqreqat halını xarakterizə edir.
II. Sorbent və sorbatın qarşılıqlı təsirinin mexanizminə görə xromatoqrafiyanı bir neçə növə ayırmaq olar:
1. paylayıcı xromatoqrafiya - ayrılan maddələrin hərəkətsiz fazada həllolmasının müxtəlifliyinə əsaslanır.
2. iondəyişdirici xromatoqrafiya - maddələrin iondəyişmə qabiliyyətinin
müxtəlifliyinə əsaslanır;
3. adsorbsion xromatoqrafiya - bərk sorbentlə maddələrin adsorbsiya olunma qabiliyyətinin müxtəlifliyinə əsaslanır;
4. eksklyuzion xromatoqrafiya - ayrılan maddə molekullarının ölçü və formasının müxtəlifliyinə əsaslanır;
III. Yerinə yetirmə texnikasına görə xromatoqrafiyanı iki növə
ayırmaq olar:
1. kalonkalı xromatoqrafiya – ayırma xüsusi kalonkalarda aparılır
2. səthi xromatoqrafiyanı – ayırma xüsusi kağızlarda (kağız xromatoqrafiyası) və ya nazik sorbent təbəqəsində (nazik təbəqəli xromatoqrafiya) aparılır.
IV.Xromatoqraflaşdırmanın məqsədinə görə:
1.
Analitik xromatoqrafiya
2.
Preparativ xromatoqrafiya
3.
Sənaye xromatoqrafiya