Neft necə axtarılır?
Yerin dərinliklərindən çıxan neft qazı həmin sahədə neftin olmasını göstərən ən etibarlı əlamətlərdən biridir. Buna görə də yerdən neft qazının çıxdığını görmək təqribən neft yatağını kəşf etmək deməkdir.Qaz, demək olar ki, neftin ayrılmaz yoldaşıdır, onun hərəkətverici qüvvəsidir. Yerin altında neft olmasını göstərən mühüm əlamətlərdən biri də palçıq vulkanlarıdır. Bu vulkanlar həm quruda, həm də suyun altında püskürür.İndi artıq sübut olunmuşdur ki, palçıq vulkanları yer altındakı neft yataqları ilə əlaqədardır. Harada palçıq vulkanı varsa, çox güman ki,orada neft mövcuddur. Hazırda yerin dərinliklərində olan nefti müxtəlif üsullarla axtarırlar.
Neft qazı ilə axtarma üsulu. Yerin dərin qatlarında neftlə birlikdə olan qaz süxurlardan keçərək yerin səthinə gəlib çıxır. Havaya cüzi miqdarda qatışdıqda bu qazın miqdarını dəqiq təyin edən cihazlar vardır.Bunun üçün torpaqda kiçik çuxurlar qazaraq, oradan hava ilə qarışıq qaz nümunələri götürür və dəqiq cihazlar vasitəsilə qazın miqdarını təyin edirlər. Bu nümunələrin hər birindəki qazın miqdarını xəritədə, nümunə götürülən nöqtəyə qeyd edirlər. Sonra eyni miqdarı göstərən nöqtələri bir-birilə birləşdirirlər. Bu qayda ilə tədqiq olunan sahə üçün geoloji xəritə çəkilir.Antiklinal qırışığın yuxarı hissəsində qaz daha çox olduğu üçün buradan yer səthinə daha çox qaz çıxır. Antiklinal qırışığın yanlarında neft olan yerlərdə isə qaz nisbətən az olur. Odur ki buradan yer üzünə daha az miqdarda qaz çıxır. Qaz üsulu vasitəsilə antiklinal qırıșıq belə müəyyən edilir.
Bakterioloji kəşfiyyat üsulu.Torpaqda yalnız mikroskop altında görünə bilən bir növ bakteriyalar vardır. Bu bakteriyalar neft və neft qazı ila qidalanır. Buna görə də onlar neft və ya neft qazının sızıb yer səthinə çıxdıqları sahələrdə yığılır.Kəşfiyyatçı-bakterioloq çölləri dolaşaraq müxtəlif yerlərdən torpaq nümunələri götürür. Əgər bu nümunələrdə neft bakteriyası tapılarsa,deməli, tədqiq olunan sahədə neft vardır.Bunlarla yanaşı, nefti axtarmaq üçün geofiziki üsullar da mövcuddur.Bu üsullarla olduqca həssas və dəqiq cihazlar vasitəsilə yer təbəqəsini təşkil edən dağ süxurlarının müxtəlif fiziki xassələri: sıxlıqları, maqnit və elektrik xassələri, partlayış zamanı əmələ gələn elastiki dalğaların yayılma sürətləri və s təyin olunur.
Qravimetrik kəşfiyyat üsulu. Qravimetrik üsulun əsasını yeraltı süxurların sıxlığından asılı olaraq sərbəstdüşmə təcilinin Yer səthinin müxtəlif rayonlarında dəyişməsi faktı təşkil edir.Məsələn, antiklinal qırışığın mərkəzi hissəsində süxurların sıxlığı daha yüksək olduğundan Yer səthinin uyğun nöqtəsində sərbəstdüşmə təcilinin qiyməti də qonşu sahələri nisbətən daha çox olacaq.Sərbəstdüşmə təcili qravimetr adlanan xüsusi cihazla ölçülür. Geniş bir sahədə aparılan qravimetrik kəşfïyyat nəticəsində sərbəstdüşmə təcilinin paylanma xarakterinə əsasən xüsusiyyətləri aşkar edilir.
Elektrometrik kəşfiyyat üsulu. Elektrometrik kəşfiyyat üsulu isə süxurların müxtəlif elektrikkeçirmə qabiliyyətinə əsaslanır. Yerə bir-birindən müəyyən məsafədə metal çubuqlar vurulur və onlardan elektrik cərəyanı buraxılır. Bu çubuqlardan müəyyən məsafədə qurulan xüsusi cihaz süxurların qatlarından keçən elektrik cərəyanını gücləndirir və yazır. Əgər süxurlardan az cərəyan keçirsə, onlarda neft laylarının olmasını ehtimal etmək olar.Çünki neft elektrik cərayanını pis keçirir. Həmin cihaz vasitəsilə gil, qum, qumdașı və s. süxurların hansı dərinlikdə yatdıqları da müəyyən olunur.
Seysmometrik kəşfiyyat üsulu .Zərbə qüvvəsi, məsələn, partayış nəticəsində yaranan elastik dalğaların dağ süxurlarında necə yayılmasına və əks olunmasına əsaslanır. Bu üsul ilə kəşfiyyat belə aparılır: yerdə bir çuxur qazıb ora partlayıcı maddə basdırırlar. Təqribən on kilometr uzaqlıqda seysmoqraf adlanan cihaz qurulur. Bu cihaz titrəyişə olduqca həssasdır, yer qabığında əmələ gələn ən zəif titrəyişləri belə avtomatik olaraq qeyd edə bilir. Yerə basdırılmıș partlayıcı maddəni müəyyən edilən vaxtda partladırlar. Bu zaman əmələ gələn elastik dalğalar süxurlara yayılaraq seysmoqrafa gəlib çatır. Seysmoqraf bu dalğaları avtomatik olaraq kağız üzərində qeyd edir. Bu qeydlərin xüsusi təhlilinə əsaslanaraq neftin hansı dərinlikdə yatması təyin olunur.
Maqnitometrik kəşfiyyat üsulu .Dağ süxuru maddələrinin maqnit əqrəbinə müxtəlif növ təsirinə əsaslanır. Bəzi cisimlər maqnit əqrəbini cəzb edir, bəziləri özündən uzaqlaşdırır, bəziləri isə, məsələn, neftli süxurlar maqnit əqrəbinə, demək olar ki, təsir etmir. Kəşfiyyatçı həssas maqnitometr adlı cihazla yer qatındakı süxurların maqnit xassələrini təyin edir. Maqnit əqrəbi sakit dayanan yerdə neftin varlığı güman edilir.Neftin axtarılmasında bu kimi üsullardan istifadə olunur.