[email protected] +994 99 303 07 01

Ştanqlı quyu nasosu ilə istismar olunan quyuların dinamoqrafla tədqiqi

Ştanqlı quyu nasosu ilə istismar olunan quyuların dinamoqrafla tədqiqi

Nasosun iş şəraitini və istismar rejimini öyrənmək üçün quyuları dinamoqrafla tədqiq etmək lazımdır. Dinamoqrafın cızdığı əyri (dinamoqram) vasitəsilə: plunjerin və pardaqlanmış ştokun gedişini, pardaqlanmış ştoka düşən yükü, pardaqlanmış ştoka düşən qüvvənin işini, qəbuledici və vurucu klapanda, həm də plunjerlə silindr arasındakı boşluqdan mayenin sızmasını, ştanqların qırılmasını, qazın nasosa göstərdiyi təsiri və s. öyrənmək olar. Neft mədənlərində hal-hazırda hidravliki dinamoqraflar geniş yayılmışdır. Dinamoqraflar olduqca müxtəlif olur. Bunlardan ən sadə dinamoqram, nasos normal işlədikdə kiçik yırğalanma sayında alınır ki, bu da paraleloqram şəklində olur:





Burada, ordinat oxu üzərində pardaqlanmış ştoka düşən qüvvə, absis oxunda isə pardaqlanmış ştokun yerdəyişməsi müəyyən miqyasda qeyd olunur. Pardaqlanmış ştok yuxarı doğru hərəkət etdikdə, vurucu klapan bağlanır və nasos borusundakı mayenin təzyiqi plunjerə düşür. Bu halda ştanq və nasos boru kalonunun elastiki olması nəticəsində, pardaqlanmış ştok nasos boru kolonunun qısalması və ştanqların uzanmasının cəmi qədər hərəkət etdikdən sonra, qəbul klapanı açılır. Bu proses AB xətti üzrə baş verir. B nöqtəsində qəbuledici klapan açılır və plunjer sabit yük altında hərəkət edir. Plunjerə düşən təzyiq sabit qaldığından dinamoqramda alınan BV xətti absis oxuna paralel olur. Plunjer yuxarı hərəkət etdikdə, pardaqlanmış ştoka düşən maksimal yük nasos boruları içərisindəki mayedən, ştanqın ağırlığından və sürtünmə qüvvəsindən ibarət olur. Pardaqlanmış ştok aşağı doğru hərəkət etdikdə, mayenin təzyiqi nasos boru kalonuna verildiyindən, boru kalonu uzanmağa, ştanq kalonu isə qısalmağa başlayır. Pardaqlanmış ştok bu uzanma və qısalmanın cəmi qədər aşağı hərəkət etdikdən sonra vurucu klapan açılır (Q nöqtəsi). Bu proses VQ xətti üzrə baş verir. Q nöqtəsindən sonra, pardaqlanmış ştoka düşən yük sabit qaldığından, dinamoqramda cızılan QA xətti absis oxuna paralel olur. Pardaqlanmış ştokun aşağı gedişində balansir başlığına düşən minimal yük ştanqın maye içərisindəki ağırlığından sürtünmə qüvvəsi qədər az olur. Deməli, dinamoqram ABVQ paraleloqramı şəklində alınır. AB xəttinə pardaqlanmış ştokun yüklənmə xətti, VQ xəttinə isə pardaqlanmış ştokda yükün azalması xətti deyilir. ABV sınıq xətti yuxarı, VQA xətti isə aşağı gediş proseslərini xarakterizə edir. Müəyyən səbəblərin təsirindən təcrübədə alınan dinamoqramlar paraleloqrama oxşamır və müxtəlif formalarda olur. Məsələn, nasosun aşağı hissəsindən maye sızarsa, pardaqlanmış ştok yükünün azalma xətti yüklənmə xəttinə paralel olmur (şəkil 4.8). Nasosun yuxarı hissəsindən (vurucu klapandan, plunjerlə silindrin arasından, oymaqların bitişik uclarından) maye sızarsa, pardaqlanmış ştokun yüklənmə xətti yükün götürülmə xəttinə paralel alınmır (şəkil 4.9).



Plunjer silindrin aşağı hissəsində pərçimləndikdə, şəkil 4.10-dakı dinamoqram, yuxarı hissəsində pərçimləndikdə isə şəkil 4.11-dəki dinamoqram cızılır.



Ştanqlar müəyyən yerdən qırıldıqda aşağıdakı formada dinamoqram cızılır və s.