Perforasiya nədir?
Perforasiya
- dağ süxurlarından istismar quyusunun daxilinə və ya əks istiqamətdə axın
yaratmaq üçün qoruyucu kəmərdə, sement halqasında və onu əhatə edən mühitdə
deşiklərin açılmasıdır.
Perforator
nədir?
Perforator
- neftin, qazın, suyun laydan qoruyucu kəmərin daxilinə, yaxud quyudan laya
daxil olmasına imkan yaradan, karotaj kabelində və ya borularla quyuya endirilərək
məhsuldar layın qarşısında istismar (qoruyucu) kəmərində və sement halqasında
deşik açmaq üçün işlədilən atıcı və ya deşici alətdir.
Perforatorların növləri
Quyularda
perforasiya işlərinin aparılması üçün əsasən üç növ perforatorlardan istifadə
edilir: gülləli, torpedləmə və kumulyativ (gülləsiz).
Gülləli
perforatorlar aşağıdakı kimi siniflənirlər:
1.
Yaylım atəşli perforatorlar, hansındakı bütün güllələr eyni anda atılır.
Belə perforatorlardan məhsuldar layın qalınlığı (hündürlüyü) böyük olduqda tətbiq
etmək məqsədəuyğun hesab edilir.
2.
Ardıcıl atəş açan perforatorlar,
bu üsulda hər sonrakı atəş özündən əvvəlki atəş başa çatdıqdan sonra açılır. Bu
növ perforatorlardan o hallarda istifadə edilər ki, bu zaman istismar kəmərinin
atəşin yaratdığı yüksək təzyiq və temperaturdan qorunması tələb olunsun, yəni
istismar kəmərini baş verə biləcək
çatlardan və ya deformasiyadan qorunmaq tələb olunsun.
3.
Selektiv (seçimli), və ya bir-bir atəş açan perforatorlar, hansılar ki
istənilən ardıcıllıqla güllələrin tək-tək atılmasına imkan yaradılır. Belə
perforatorlardan o hallarda istifadə edirlər ki, məhsuldar lay qalınlığı az
olan (nazik) laycıqlardan təşkil
edilibdir və onları bir-birindən, gilli və ya sulu laylar növbələşərək
ayırırlar.
Yaylım
atəşli perforatorlara, «АПХ-84» «АПХ-93» tipli perforatorları aid etmək olar,
hansıların ki xarici diametrləri müvafiq olaraq 84 və 98 mm-dir. Bu növ
perforatorlar 700 kq/sm2 hidrostatik təzyiqə və 127ºC temperatura
hesablanıbdır.
Yaylım
atəşli gülləli perforatorlara çatışmayan cəhəti ondan ibarətdir ki, atəş zamanı
bütün güllələr effektiv olmur, buna səbəb isə boruya zərbə ilə dəyən güllənin
öz enerjisini sürətlə itirməsi olur. Digər bir mənfi cəhəti də ondan ibarətdir
ki, perforasiyadan sonra güllə özü açdığı deşiyin sonunda layda qalır. Bu isə
süzülmə prosesinə (laydan quyu dibinə) mənfi təsir göstərir ki, yəni laydan
quyuya süzülmədə deşiyə perpendikulyar axının qarşısını kəsir.
İstismar kəmərində və məhsuldar layda deşiklərin daha yaxşı və layın
daha dərininə açılmasını təmin edən, eyni zamanda daha dərin deşik açma qabiliyyətinə
malik olan perforatorlar, torpedli (mərmi) perforatorlardır. Mərmi (torpedo)
perforatorun iş prinsipi ondan ibarətdir ki, o qoruyucu kəmər və sement
halqasını deşib keçdikdən sonra məhsuldar layda partlayır. Bu zaman baş verən
partlayışın gücündən sement halqasında və məhsuldar layda açılan deşikdən
başqa, əlavə olaraq məhsuldar layda da çatlar yaranır.
İstismar quyularında tətbiq edilən mərmi perforatorlar əsasən
«ТПК-32» və «ТПК-22» tipli perforatorlardır. Bu perforatorlar (şək.1.16)
bir-biriləri ilə birləşdirilmiş bir neçə seksiyadan ibarət olur və bu
seksiyaların hər birində atəş açmaq üçün iki lülə (“stvol”) vardır.
Bu tip perforatorların xarici diametrinin 100 mm olması imkan verir
ki, istismar kəmərinin diametri 125 mm və daha böyük olan quyularda da
perforasiya işlərini həyata keçirmək mümkün olsun.
Bu gün mədənlərdə ən geniş tətbiq edilən perforasiya üsulu, gülləsiz
perforasiya üsuludur. Bu növ perforasiya üsulunun mahiyyəti ondan ibarətdir ki.
quyunun istismar kəmərində və onun arxasındakı sement halqasında açılan deşiklər
güllə və ya mərmilərlə yox, bir nöqtəyə fokuslanmış qaz seli ilə açılır,
hansıları ki kumulyativ mərmilər partlayış zamanı yaradır.
Kumulyativ mərmi - bu güclü preslətdirilmiş tozabənzər partlayıcı
maddədir, məsələn heksogenlə, mərminin səthinin kənar hissələrində, partlayışın
detonasiya yerinin qarşısında, xüsusi qoyulmuş çökək sahələr vardır. Çökək sahələrin
səthini nazik mis təbəqə ilə örtürlər. Partlayış baş verdikdə, istiqamətlənmiş
şırnaq yaranır, hansını ki əriyən metal ilə (mis) partlayışın məhlulu olan
qazabənzər qarışıq yaradır. Yaranmış bu qarışığın istiqamətlənmiş şırnağının sürəti 8000-10000
m/san, maneə ilə qarşılaşdıqda yaratdığı təzyiq – 300 000 kq/sm2
olur və bu həm kəmərdə (sement halqası da daxil olmaqla), həm də məhsuldar
layın dərinliyinə doğru deşiklərin açılmasını təmin edir.
Gülləsiz (kumulyativ) perforasiya məhsuldar layların açılmasının daha
etibarlı olmasını təmin edir və daha dərin kanalların (deşiklərin) açılmasının
yaranması ilə həmdə layın keçiriciliyini
yaxşılaşdırır. Bundan başqa, gülləsiz perforasiya imkan verir ki, deşiklərin
açılması zamanı, istismar kəməri və sement halqası zədələnməsin.
İki növ kumulyativ perforator vardır: gövdəli və gövdəsiz. Daha çox "ПК"
– tipli korpuslu (gövdəli) kumulyativ perforatorlar tətbiq edilir. Kumulyativ
perforatorların digər növlərindən fərqli olaraq, bu perforatorların kumulyativ
mərmisi, detonasiya edici naqil və
partladıcı qalın polad divara malik olan, korpusun içində olur. Belə
perforatorları iki növ üzrə istehsal edirlər: on mərmili və iyirmi mərmili. Şək.1.17-də
xarici diametri 103 mm olan, "ПК-103" tipli perforator göstərilmişdir.
Bu kumulyativ mərminin aralıq detonasiya edici naqil ilə birlikdə çəkisi -22,5
qr. Bu mərmilər 90° sürüşməli spiral üzrə yerləşdirirlər və onların oxları
arasındakı məsafə 85 mm olur. Bu məsafə imkan verir ki bir metr uzunluqda 12 mərmi
yerləşdirilsin.
Şək.1.16
Torpedalı (mərmili) perforator.
1-kamera; 2- mil (ox) ; 3- mərmi; 4- lülə
(“stvol”) ; 5- aşağı fləns; 6- elektrikli atəşləyici; 7- rezin borucuk; 8-
kabel; 9- yuxarı fləns; 10-bolt.
Kumulyativ perforatorlar
quyuya karotaj kabeli ilə endirilir. İstismar kəmərində və sement halqasında
açılan deşiyin diametri 8-10 mm olur.
"ПК-103D" və "ПК-89D" tipli kumulyativ
perforatorların konstruksiyası elə hesablanıb ki, onlar ilə quyudakı hidrostatik təzyiq – 800 kq/sm2 və
temperatur -177°C olduqda da perforasiya işləri aparmaq mümkün olsun.
Şək.1.18-da "ПК-65"
tipli korpuslu (gövdəli) kumulyativ perforatorlar göstərilibdir. Bu tip
perforatorların diametri -65 mm kiçik olduğu üçün, hətta istismar kəmərinin
daxili diametri 100 mm olan quyularda perforasiya işləri aparmaq mümkündür.
Şək.1.17
Polad korpuslu «ПК-103» tipli kumulyativ perforator.
1-korpus (gövdə);2- korpus üzərindəki
yuvanın kipləşdiricisi; 3- mərmilərin quraşdırılması üçün karton qatı; 4-
kumulyativ mərmilər; 5- detonasiya naqili; 6- partladıcı patron; 7- kabelin
girişi ilə partladıcı patronu birləşdirən naqil; 8- kabel başlığı; 9- kabel.
Şək.1.18 «ПК-65»
tipli korpuslu kumulyativ perforator.
Bu perforatorun korpusu polad
silindrdən ibarətdir -5, onun üzərində kumulyativ şırnağın (selin) keçməsi üçün
xüsusi yuvalar açılmışdır. Korpusun yuxarı hissəsinə alovlandırıcı başlıq -6 bağlanılır,
aşağı hissəsinə isə xüsusi ucluq -1 bağlanılır. Korpusun üzərində açılmış
yuvalara kumulyativ mərmilər – 4 montaj edilir, hansılar ki detonasiya naqili
-3 və elektrodetonator -2 ilə
partladılır. Perforator quyuya karotaj kabeli ilə endirilir.
Korpuslu kumulyativ perforatorların üstünlüyü ondan ibarətdir ki, baş
verən partlayış zamanı istismar kəməri və onun arxasındakı sement halqası
partlayışın yaratdığı zərbə dalğasından mühafizə olunur, ona görə ki
partlayışdan sonra qaza bənzər məhsulların yaratdığı bu zərbənin bütün gücünü
polad korpusun qalın divarları öz üzərinə götürür.
Korpussuz
(gövdəsiz) dağılan perforatorlar qrupuna aid olan kumulyativ perforatorlar
bunlardır: "КПР-50", "КПР-65", "КПР-80" və
"КПР-100". Quruluşuna görə bu perforatorların hamısı eynidir. Xarici
diametrləri kiçik olduğu üçün, bu perforatorlarla, hətta quyu daxilinə
nasos-kompressor boruları endirilmiş olduqda da perforasiya işlərini yerinə yetirmək mümkündür. Bu tip
perforatorların mərmiləri individual olur və onların səthi ya plastmasla, ya da
alüminium təbəqə ilə örtülürlər.
Quyularda aparılacaq perforasiya üsulunu necə seçmək lazımdır?
Quyularda aparılacaq perforasiya
üsulunu seçmək üçün aşağıdakılar əsas götürməlidir:
1.Kumulyativ perforasiya üsulunun
möhkəm süxurlarda, hansılardakı lay-quyu əlaqəsini yaratmaq nisbətən daha çətin
olur, tətbiq etmək məqsədəuyğun hesab olunur;
2.Gülləli
perforasiya üsulunu – kövrək və zəif sementlənmiş qumdaşılarda tətbiq etmək
tövsiyə olunur;
3.Torpedalı
(mərmili) perforasiya üsulunu isə - nisbətən çox sıxlığa malik və zəif
keçiriciliyə malik süxurlarda tətbiqi məqsədəuyğundur.
Burada
nəzərə alınmalıdır ki, gülləli və torpedalı
perforatorlar, perforasiya prosesi aparılarkən istismar kəmərini
deformasiyaya uğradırlar, sement halqasında və süxurun özündə də çatlar
yaradırlar, baxmayaraq ki, bəzi hallarda laylardakı süxurlarda yaranan bu
çatlar, məhsuldar laydan quyuya neft-qaz axınına müsbət təsir edən faktor olur.
Neft-qaz
çıxarmada geniş tətbiq edilən perforasiya üsullarından biridə -hidroqumşırnaqlı
üsuldur. Aparat (cihaz), hansı ilə ki
perforasiya işləri aparılır, hidroqumşırnaqlı (abraziv) perforator
adlanır. Bu perforasiya üsulu ilə perforasiya işləri zamanı, tərkibində çox bərk
abraziv hissəciklər olan mayeni, dövran yaradaraq xüsusi ucluqları (8 ədədə qədər)
(ucluq-soplo) olan aparatdan yüksək təzyiq altında (150-300 kq/sm2)
vururlar. Bu zaman maye şırnağının gücü, xüsusi ucluqdan uzaqlaşdıqca, azalır və
müəyyən dərinlikdən sonra isə sıfıra düşür. Lakin prosesin zamanı təzyiqin
kinetik enerjiyə çevrilməsi ilə, mayedəki abraziv hissəciklər, çox yüksək sürətlə
borunun səthinə bir nöqtəyə yönəlmiş şırnaqla çırpılaraq, istismar kəmərini,
sement halqasını və ondan sonra isə məhsuldar layın içərisində onun dərinliyinə
doğru deşik açırlar. Məhsuldar layın dərinliyinə doğru açılmış deşiyin uzunluğu
1 m qədər olur.
İstismar quyularında perforasiya
işlərinə başlamamışdan qabaq, onları perforasiya üçün hazırlamaq lazımdır,
bunun üçün isə aşağıdakı işlərin görülməsi tələb olunur:
1.
Quyuağzı avadanlıqlar –fontan armaturası, açıq fontana qarşı tullanış siyirtməsi
stend sınağı keçdikdən sonra quyunun yanına gətirilməlidir. Tullanış siyirtməsinin
daxili diametri istismar kəmərinin diametrindən az olmamalıdır.
2. Quyunun yanında quyunun
daxilindəki gilli məhlulun həcmi qədər, həcmi və parametrləri ona uyğun olan
ehtiyat gilli məhlul çənlərdə saxlanılmalıdır.
3. Perforasiya aparılacaq sahədə
iki yuyucu aqreqat olmalıdır (biri işçi, digəri isə ehtiyat).
4.
Perforasiya işləri aparılacaq sahə və ya meydança, digər sahələrdən xüsusi işarələrlə təcrid
edilməlidir və o sahəyə kənar şəxslərin və texnikanın girişi qadağan edilməlidir.
5.
Perforasiya işlərinin açıq fontan və yanğın təhlükəsizliyini təmin edən tədbirlər
görülməlidir (su çiləmə sistemləri, yanğın söndürən maşınlar və s.).
6.
Perforasiya işləri aparılacaq meydança
işıqlandırma sistemləri ilə təmin edilməlidir.
7.
İstismar quyusunun ağzında işləmək üçün körpü və yarım körpü quraşdırılaraq, quyuağzı və quyu daxili
avadanlıqlar, stend sınağından keçdikdən sonra, oraya yığılmalıdır
8. Nasos-kompressor boruları xüsusi qaydada
ölçülərək quyuya endirilməli gilli məhlulun dövranı yaradılmalıdır. Əgər
ehtiyac yaranarsa, yəni perforasiya ediləcək
interval gilli məhlulun çöküntülərini ilə bağlanmışdırsa, onda nasos-kompressor
borularını, gilli məhlulu dövr etdirərək, quyu dibinədək endirmək lazımdır.
9.
İstismar kəmərinin daxili divarlarını gilli məhlulun çöküntülərindən və ərpdən təmizləmək üçün, quyuya quyudibinədək ərsin
endirilir.
10.
İstismar kəmərində hər hansı bir qüsurun
olub-olmamasını müəyyən etmək
üçün, istismar kəməri ardıcıllıqla quyudibinə
qədər endirilən qurğuşun möhür və kalibr ilə tədqiq edilməlidir.
11.
İstismar quyusunun daxilindəki gilli məhlul su ilə əvəzlənməli və istismar kəməri
müəyyən edilmiş təzyiqdə hidravliki
sınağa yoxlanılmalıdır.
12.
Kəmərin hidravliki sınağı başa çatdıqdan sonra quyu təkrarən gilli məhlulla
doldurulur, borular qaldırılır, quyunun ağzına tullanışa qarşı siyirtmə
yığılaraq quyu karotaj dəstəsinə verilir.
13.
Perforasiya işləri aparılacaq istismar quyusunda aparılan karotaj işlərinin
(elektrik, qamma və neytron karotajlar) nəticələrinə əsasən məhsuldar lay üzrə
açılacaq süzgəcin intervalları dəqiqliklə müəyyən edildikdən sonra, perforasiya
işlərinin aparılmasına icazə verilir.