Daimi
yaddaş qurğusu (ing. Read-Only
Memory – ROM) – enerjidən asılı olmayan yaddaşdır. Daxili və ya əsas yaddaşın
bir hissəsidir. Burada kompüterin əsas sistem proqram təminatı olan BIOS
saxlanılır. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər
oraya informasiya yaza bilmir. İnformasiya daimi yaddaşa kompüterin
hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. ROM-da tez-tez
istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat
sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və
s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda
oradakı informasiya saxlanılır.
ROM
çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir.
ROM-un
daxilində olan əmrlər bunlardir:
·
POST (Power On Self-Test) – kompüter qoşulduqda
qurğuların elektrik enerjisinə qoşulmasını yoxlayır;
·
CMOS (Complementary Metal-Oxide Semiconductor) – kompüterə yeni
qurğu qoşulduqda məlumatları yeniləyir;
·
BIOS (Basic Input/Output System) – avadanlıqlarla müxtəlif
əməliyyatlar aparmaq üçün tətbiq olunur;
·
BOOT (yüklənmə) – əməliyyat sistemi ilə bağlı olan əmrlər
·
ROM (Read-Only Memory chips) – məlumat ROM çipinə
kompüter istehsal olunan zaman yazılır. ROM çipində olan məlumatlar silinə və yenidən
yazıla bilməz.
·
PROM (Programmable Read-Only Memory) – məlumat PROM
çipinə kompüter istehsal olunduqdan sonra yazılır. Bu məlumatlar silinə və
yenidən yazıla bilməz.
·
EPROM (Erasable Programmable Read-Only Memory) – məlumat
EPROM çipinə kompüter istehsal olunduqdan sonra yazılır. EPROM çipi ultrabənövşəyi
şüaların təsirinə məruz qaldıqda məlumatlar silinə bilər. Bunun üçün xüsusi
avadanlıq tələb olunur.
·
EEPROM (Electrically Erasable Read-Only Memory) – məlumat
EEPROM çipinə kompüter istehsal olunduqdan sonra yazılır. Bu çiplər həm də
yenidən proqramlaşdırıla bilən ROM adlanır (Flash ROM). Buradakı məlumatları
silmək və ya yenidən yazmaq üçün çipin kompüterdən çıxarılmasına ehtiyac
yoxdur.
Əməli
yaddaş qurğusu (ing. random-access
memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər
qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaşdır.
Kompüter söndürüldükdə RAM-da saxlanılan informasiya silinir. Əməli yaddaş
kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər
həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha
tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli
yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli
yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona
müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir
mikrosxemdir.
Kompüteri
yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə
xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli
yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli
yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar
pozulur. Odur ki, kompüteri söndürməmişdən əvvəl dəyişdirdiyimiz verilənləri
xarici yaddaş qurğularında saxlamaq tələb olunur.
Müasir
fərdi kompüterlərdə 2 əməli yaddaş tipi istifadə olunur:
·
DRAM – Dynamic Random Access Memory (Dinamik İxtiyari
Müraciətli Yaddaş)
·
SRAM – Static RAM (Statik əməli yaddaş)
·
DRAM – Dinamik RAM əsas yaddaş kimi istifadə olunan
yaddaş çipidir. DRAM məlumatın çipdə saxlanması üçün davamlı olaraq elektrik
almalıdır.
·
SRAM – Statik RAM keş yaddaş kimi istifadə olunan
yaddaş çipidir. SRAM DRAM-a nəzərən çox sürətlidir və davamlı olaraq elektrik
almasına ehtiyac yoxdur. SRAM DRAM-la müqayisədə çox bahadır.
·
SDRAM – Sinxron DRAM yaddaş şini ilə sinxron şəkildə fəaliyyət
göstərən DRAM-dır. Yaddaş çipi CPU və əsas yaddaş arasında olan yoldur. SDRAM və
CPU arasında məlumat mübadiləsinin sinxronlaşdırılması üçün idarəetmə
siqnallarından istifadə edir.
·
DDR – DDR SDRAM, məlumatı SDRAM-a nəzərən iki dəfə
daha sürətlə ötürən yaddaşdır. Məlumatı bir takt tezliyi ərzində iki dəfə sürətlə
ötürməklə məhsuldarlığı artırır.
·
DDR2 – DDR2 SDRAM DDR-SDRAM-a nəzərən daha sürətlidir və
DDR SDRAM-la müqayisədə səsin və siqnal naqilləri arasında toqquşmaların
azaldılması nəticəsində daha məhsuldardır.
·
DDR3 – DDR3 SDRAM yaddaşın keçirmə qabiliyyətini DDR2
SDRAM-ın takt tezliyinin iki dəfə artırılması nəticəsində genişləndirir. DDR3
SDRAM daha az güc sərf edir və DDR2 SDRAM-a nisbətən daha az istilik yaradır.
·
DDR4 – DDR4 SDRAM DDR3-ün maksimal yaddaş tutumunu dörd
dəfə artırır, aşağı gərginlikdən istifadə etdiyinə görə 40% daha az güc sərf
edir və təkmilləşdirilmiş xəta düzəltmə xüsusiyyətlərinə malikdir.