Yerin neçə yaşı var?
Yer nə vaxt əmələ gəlmişdir, onun neçə yaşı var? Bu suallara cavab vermək üçün əvvəlcə Yerin yaşını öyrənən üsullardan danışmaq lazımdır.Aydındır ki, əgər bəzi tədqiqatçıların düşündüyü kimi, yer kürəsi əmələ gəldiyi zaman yanar halda idisə, o , uzun müddət kosmik inkşaf mərhələsi keçirməli idi. Yalnız tədricən soyuyub,bərk qabıqla örtüləndən sonra Yerdə müxtəlif geoloji proseselər baş verməli və geoloji inkişaf mərhələsi başlanmalı idi. Beləliklə, Yerin inkişafında iki əsas mərhələ ayırmaq olar:kosmik və geoloji inkişaf mərhələri. Güman edilir ki, Yerin kosmik inkişaf mərhələsi daha çox dəvam etmişdir. Digər tərəfdən tədqiqatçıların bir qrupunun fikrincə. Yer elə əmələ gəldiyi zaman soyuq bir fəza cismi imiş. Lakin Yeri təşkil edən maddənin Yer qabığından nüvəyə doğru sıxlığa görə paylanması göstərir ki, Yer bəzi elementlərin radioaktiv pozulması nəticəsində mütləq əvvəlcə ərinti yanar halında olmalı, sonra yenidən tədricən soyuyub bərkiməli idi. Bu fərziyyələrin hansının həqiqətə daha yaxın olmasından asılı olmayaraq, Yer kürəsinin inkşaf tarixini, yaşını onun geoloji inkşaf mərhələsi üçün öyrənib, müəyyən etmək imkanları daha çoxdur. Qədim geoloji proseslərin müasir proseslərə oxşarlığı, onların buraxdığı izlər, yer qabığını təşkil edən layların süxurlarında rast gələn fosillər ( fauna və flora qalıqları), onların ardıcılığı və başqa geoloji “ kitabələr-daş sənədlər “ Yerin ayrı-ayrı inkşaf mərhələlərini, dövlərini öyrənməyə kömək edir.
Geologiya elmi Yerin həm mütləq,həm də nisbi yaşını, demək olar ki, artıq nisbətən dəqiq öyrənmişdir. XX əsrin əvvələrində Fransada P.Küri və İngiltərədə B.Rezerford süxur və mineralların mütləq yaşını təyin etmək üçün bəzi eləməntlərin radioaktiv pozulmasından istifadə etməyi təklif etmişlər. O vaxtdan bəri izotoplardan istifadə məsələsi, demək olar ki, geologiyanın bütün sahələrinə nüfuz etmiş, izotoplar geologiyası fənni yaranmışdır. İzotoplardan isdifadə edərək Yerin mütləq yaşı müəyyən edilmişdir. Bu üsul ilə aparılan hesablamalar göstərir ki, Yer əmələ gələndən bəri 4,5-5 mlrd. İl keçmişdir. Yeri təşkil edən layların nisbi yaşını, onların bir-birinə görə daha qədim və ya gənc olmasını tarixi-geoloji tədqiqatlar nəticəsində Yer qatlarında layların ardıcıllığı öyrənilib, nisbi geoxronoloji cədvəl (nisbi yaş cədvəli) tərtib edilmişdir. Yerin təxminən son 600 mln. ilini əhatə edən tarixini daha dəqiq və mükəmməl elmi dəlillərə əsaslanan geoloji eralara, dövrlərə və daha kiçik nisbi vahidlərə: epoxaya, əsrə və.s parçalamaq mümkün olmuşdur. Tədqiqatlar göstərir ki, Yerin çökmə süxurlar qatının təxminən 80 % -i geoxronoloji cədvəlin aşağı hissələrində göstərilən Kembridən qədim eralarda əmələ gəlmişdir.
Nisbi yaş
Yerin nisbi yaşını təyin etmək üçün bir neçə üsuldan istifadə olunur. Bunlardan biri stratiqrafik üsuldur. Bu üsula görə normal yatım şəraitində hər üstdə olan lay onun altındakı laydan gənc sayılır. Məlumdur ki, Yer qabığının əsasən çökmə süxur laylarından və bəzən onlarla növbələşən və ya onların arasına soxulmuş metamorfik süxur kompleksindən ibarət olan qatına stratisfer deyilir.Stratiqrafik üsula əsaslanaraq Yerin müxtəlif sahələri üçün stratisfer laylarının ardıcılığını əks etdirən kəsilişlər tərtib olunmuşdur.
Petroqrafik üsul - süxurların tərkibinin öyrənilməsinə əsaslanır.Bu üsuldan xüsusən maqmatik cisimlərin nisbi yaşını öyrənmək məqsədilə geniş istifadə olunur. Bundan başqa, çöküntülərin toplanması şəraiti haqda mülahizə yürütmək üçün də petroqrafik üsul tətbiq edilə bilər.
Tektonik və ya tektonik-struktur üsul - yer qabığının hərəkətlərinin müxtəlif lay komplekslərinin vəziyyətinin dəyişməsinə təsirinə əsaslanır. Tektonik hərəkətlər nəticəsində lay kompleksləri bəzən aşırılmış vəziyyət alır. Belə hallarda hər üstdə olan lay onun altındakından daha qədim sayılır. Bundan başqa, müxtəlif sahələrdə müəyyən tektonik proseslərin eyni vaxtda baş verməsinə əsaslanaraq layların nisbi yaşı haqda da məlumat əldə edilir.
Paleontoloji üsul - süxurlarda rast gələn fosillərin ( daşlaşmış orqanizm qalıqlarının) öyrənilməsinə əsaslanır.
Geofiziki üsullar - xüsusən elektrik karotajı, qazılan quyularda layların ardıcıllığını, onların nisbi yaşını öyrənmək üçün geniş tətbiq olunur. Elektrik karotajından fərqli olan bir neçə başqa karotaj növləri də vardır.Mütləq yaş
Mütləq yaşı təyin etmək üçün qurğuşun,helium,kalium-arqon,kalium-kalsium,rubidium-stronsium,renium-osmium,samarium-neodim və.b üsullar vardır. Bunlardan ən çox işlənən qurğuşun,arqon və stronsium üsullarıdır. Kalium-arqon həm sadə, həm də ucuz başa gəldiyi üçün ondan daha çox və geniş miqyasda, istər gənc, istərsə də qədim süxurların yaşını təyin etmək üçün istifadə olunur.
Yerin mütləq yaşının öyrənilməsinin qurğuşun izotoplarının öyrənilməsinə əsaslanan müxtəlif modelləri var. Holms-Qautermansın modelinə görə, ümumiyyətlə, süxurda hər bir qurğuşun ilkin qurğuşunla radiogen, yəni radioaktiv pozulma nəticəsində əmələ gələn qurğuşundan ibarətdir. İlkin qurğuşunun izotop tərkibi Günəş sisteminin ən az radioaktivliklə səciyyələnən dəmir meteoritlərindəki qurğuşunun izotop tərkibinə müvafiqdir.Kalium-arqon üsulunun müəllifi E.K.Gerlinqdir.Bu üsul kalium minerallarında və ya tərkiblərində bir qarışıq kimi kalium olan mineral və süxurlarda radiogen arqonun toplanmasına əsaslanır. Rubidium-stronsium üsulunda Rubidium -87 olduqca gec parçalanır.Yaşı 40-60 min ildən az olan geoloji cisimlərin mütləq yaşının öyrənilməsi üçün radiokarbon üsulundan istifadə edilir.
Yerin tarixini həm mütləq rəqəmlərlə, həm də nisbi vahidlərlə ifadə olunur.Yerin geoloji tarixi bir sıra kompleks əlamətlərə əsasən müxtəlif eonlara, era və dövrlərə bölünür. Ən qədim eraya Arxeozoy erası deyilir. Arxeozoy erasından sonrakı eranı Proterozoy adlandırmışlar. Bu era da 200 mln. ilə qədər davam etmişdir. Arxeozoy və Proterozoy eralarında canlılar aləmi yenicə əmələ gəlməyə başlamışdır. Həmin eralarda yalnız bəsit ibtidai orqanizmlər yaşayırdı. Bu iki era Kriptozoy eonunu təşkil edir. Sonrakı eon Fanerozoy adlanır və üç eraya Paleozoy,Mezozoy,Kaynazoy bölünür.
Geoloji tarix boyunca yer qabığını təşkil edən çökmə və metamorfik süxur laylarını ardıcıl surətdə izlədikdə müxtəlif heyvanların və bitkilərin izlərinin arasıkəsilmədən artması, bəzilərinin isə müəyyən laylarda azalıb, hətta birdən-birə yoxa çıxması müşahidə olunur. Bunun səbəbi yer kürəsinin ara-sıra böyük dəyişikliklərə uğramasıdır. Belə proseslər zamanı dağlar və dənizlər yerlərini dəyişir, transqressiya (dənizin irəliləməsi) və reqressiya (dənizin geri çəkilməsi) baş verir, iqlim şəraiti, bir sözlə , bütün mühit kəskin dəyişikliyə uğrayır. Ümumiyyətlə , Yerin bu və ya başqa hərəkətləri nəticəsində yaranan yeni fiziki-coğrafi şəraitə uyğunlaşa bilən heyvan və bitki növləri yaşayır. Uyğunlaşa bilməyən tələf olur. Məsələn , dinazavrlar,balıqlarla qidalanan dəniz heyvanları , ixtiozavrlar və bəzi başqa heyvanlar Mezozoy erasindan sonra yeni şəraitə uyğunlaşa bilmədikləri üçün yaşaya bilməyib tələf oldular.