Məhsuldar layların təkrar açılması
Müxtəlif neft yataqlarında qazıma işləri aparılarkən gil təbəqələrindən əlavə bir sıra məsaməli qumlara, qumdaşlarına, əhəngdaşlarına və s. çöküntü süxurlarına rast gəlmək olar. Bu süxurların məsamələrində neft, qaz, su və ya bunların qarışığı yerləşir. Məsamələrində belə maddələr olan təbəqə və ya laylar müxtəlif gil, sərt əhəngdaşılar, mergellər və s. süxurlardan ibarət olan təbəqələrlə bir-birlərindən ayrılır. Quyunu layihəsində nəzərə alınan məhsuldar layların açılması quyunun qazılıb qurtarma dövrü adlanır. Qazma texnikasında bu zaman müxtəlif üsullar tətbiq edilir:
1.Quyu məhsuldar layın tavanına qədər qazılıb qurtardıqdan sonra məhsuldar lay qazılır, quyuya quyruq və ya süzgəc buraxılır. Süxurlar çox sərt olduqda quyuya xüsusi istismar kəməri, yaxud süzgəc buraxılmır və burada aralıq kəməri istismar kəməri olur
2.Məhsuldar lay qazılır, quyuya manjetlə təchiz edilmiş süzgəcli istismar kəməri buraxılır və onun süzgəcdən yuxarı hissəsi sementlənir;
3.Quyu qazılır, məhsuldar layı açdıqdan sonra ona bütöv istismar kəməri buraxılıb sementlənir və kəmərə perforatorla deşiklər açılır.
Bu üç üsulun tətbiqi layın xarakteri ilə əlaqədar olub, neft və ya qazın quyuya maneəsiz gəlməsi məqsədini güdür. Lay təzyiqindən, lay məsamələrinin neftlə doyma dərəcəsindən, layın drenaj dərəcəsindən və s. amillərdən asılı olaraq layların açılma üsulları aşağıdakı tələbləri ödəməlidir:
1. Yüksək təzyiqli laylar açılarkən açıq fontan alınmasına qarşı tədbir görülməlidir;
2.Məhsuldar lay açılarkən quyu dibi zonada süxurların təbii süzücü xassəsi ən yüksək səviyyədə saxlanılmalıdır;
3.Məhsuldar lay açılarkən yuxarıdan aşağıya doğru ayrı-ayrı məhsuldar təbəqələrin kipləşməməsi, gələcəkdə onların maksimal istismar şəraiti və onlardan maksimum susuz neft alınması təchiz olunmalıdır. Xüsusilə alçaq təzyiqli layların açılmasında gilli (qazıma) məhlulunun laya udulması laya kipləşdirib neftin quyuya süzülməsini azaldır. Belə hallarda müvafiq qazıma məhlulunun seçilməsi təzyiqsiz layların açılmasında əsas tələbatı təmin edir. Zəif laylar 1-ci və 2-ci üsulla açılır.Zəif təzyiqli laylar qumlu təbəqələrdən ibarət olduqda neftlə birlikdə quyuya çoxlu qum süzülür və bunlar kəmər içərisində çöküb, tez-tez qum tıxacı yaradaraq quyunun normal istismarını dayanma dərəcəsinə çatdırır. Bu səbəbə görə belə zəif laylar çınqıllı və ya qumlu plastik süzgəcli borular buraxılır. Yüksək təzyiqli layların açılmasında quyuda əks təzyiqi saxlamaqla yanaşı gilli (qazıma) məhlulunun tələb olunan parametrləri də nəzərə alınır, qazılmış gövdəyə bütöv istismar kəməri buraxılıb sementlənir. Belə halda kəmərdə perforasiya yolu ilə süzgəc deşikləri açılır.İstismar quyuları qazılarkən, açılmış süxurlar karotaj vasitəsilə müəyyən edilir. Kəşfiyyat quyularında isə, karotajdan əlavə, sütuncuqlu baltalar və süxurqaldırıcı ilə süxur nümunələri (kern) qaldırılır və sonra da öyrənilir. Quyu kəsilişinin litoloji tərkibi də süxur hissəciklərinin təhlili ilə təyin edilir. Odur ki, qazıma zamanı nov sisteminin başlanğıcında, qazıma məhlulunun quyudan çıxardığı süxur hissəciklərindən hər müəyyən vaxtdan bir nümunə götürülür və analiz edilərək öyrənilir. Qazıma təcrübəsində süxur nümunəsi (kern) süxurların litoloji tərkibindən asılı olaraq, 40-90% çıxarılır. Burada sütuncuqlu baltanın mükəmməl quruluşlu olmasının və qazılan kern diametrinin əhəmiyyəti də az deyildir.Adətən süxur bərk olduqca, onun nümunəsi balta ilə daha yaxşı və çox qaldırılır. Quyu sütuncuqlu baltalarla deyil, adi baltalarla qazılarsa, onda süxur nümunəsini qaldırmaq üçün yan süxurqaldırıcıdan istifadə edilir.