[email protected] +994 99 303 07 01

Quyuların Möhkəmləndirilməsi Məqsədi

Quyuların möhkəmləndirilməsi məqsədi

 Neft və qaz quyuları qazıldıqda quyu divarı möhkəmləndirilməlidir. Bu zaman həm quyu divarının uçulub dağılmasının qarşısı alınır, həm də açılan neft, qaz və su layları bir-birindən ayrılır. Beləliklə, neftin və qazın yerin dərinliklərindən itkisiz çıxarılmasına imkan yaranır.

 Quyunun qazılması prosesində açılan dağ süxurları litoloji tərkibinə, fiziki-mexaniki xassələrinə, məsaməlik həddinə lay təzyiqinin anomallıq əmsalına və başqa xassələrinə görə biri-birindən fərqlənirlər. Ümumi şəkildə quyu divarı üzrə açılan süxurları dayanaqlı və dayanaqsız süxur qruplarına ayırmaq olar. Quyu divarı dayanaqsız süxurlardan ibarət olmaqla uzun müddət açıq saxlanıldıqda quyu divarı asanlıqla uçulub dağılır. Dayanaqsız süxurlara adətən kiçik dərinliklərdə və geoloji cəhətdən tektonik pozğunluqlar olan zolaqlarda rast gəlinir.

Quyu divarlarının dağılmasının qarşısını almaq üçün süxurlar bərkidilir. Digər tərəfdən, əgər quyunun qazılması prosesində açılan horizontlar müxtəlif anomal təzyiqli süxurlardan ibarətdirsə, onda quyu içərisi ilə yüksək anomal təzyiqli laydakı mayenin kiçik anomal təzyiqli laya keçməsi üçün şərait yaranır. Mayenin və qazın beləcə laydan-laya keçməsi quyuda tullanışlar, qrifonlar əmələ gəlməsinə, horizontların artezian və mədən suları ilə çirklənməsinə səbəb olub, sonra quyunun tam məhv olmasına gətirib çıxara bilər. Laydan-laya keçmənin qarşısını almaq üçün quyu divarlarını möhkəmləndirməkdən əlavə, məsaməli horizontları biri-birindən mütləq ayırıb, bağalmaq lazımdır.

 Beləliklə, qazılan quyuların qazma prosesi ilə yanaşı, onların möhkəmləndirilməsi məsələsi də meydana çıxır. Göstərilənlərə istismar tələbatını əlavə etdikdə quyuların möhkəmləndirilməsindəki əsas məqsədlər aşağıdakılardır:

 1)quyunun məhsulunu (neft, su və qazı) nəql etmək (və əksinə olaraq quyuya vurmaq) üçün uzun müddət işləyə bilən möhkəm və hermetik kanal yaratmaq;

2)quyu divarlarının uzun müddət dayanaqlı qalmasını əldə etmək;

3)laydan-laya maye və qaz keçməsinin qarşısını almaq;

4)tullanışa qarşı avadanlığın və istismar avadanlığının quyu ağzında möhkəm bağlanması üçün şərait yaratmaq.

Göstərilən məqsədləri yerinə yetirmək üçün qazılan quyulara periodik olaraq, bir neçə cərgə qoruyucu boru kəmərləri buraxıb, kəmər arxası fəzalara məhlul halına gətirilmiş tamponaj maddələr doldurulur (vuyulur). Həmin tamponaj maddələr boru kəmərilə dağ süxurları arasında möhkəm birləşmə və əlaqə yaradır.