[email protected] +994 99 303 07 01

Palçıq vulkanları


Palçıq vulkanları – maqmatik mənşəli vulkanlara nisbətən məhdud sahələrdə yayılmışdır. Onlar adətən neftli – qazlı sahələrlə üst – üstə düşür. Məhz bu fakta əsaslanaraq palçıq vulkanlarının neft – qaz yataqları ilə mənşəcə yaxın olması müddəası irəli sürülür. Buna görə də palçıq vulkanlarının və eləcə də neft – qaz yataqlarının yayıldığı sahələr maqmatik mənşəli vulkanların yayıldığı sahələr kimi geniş deyil. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanda, əsasən, Cənub-Şərqi Qafqazda yerləşir. Ümumilikdə dünyanın 42 ölkəsində palçıq vulkanı aşkar edilmişdir. Palçıq vulkanlarının mənşəyi haqqında ilk dəfə H.V.Abix fikir söyləmişdir. O, belə bir nəticəyə gəlmişdir ki, palçıq vulkanları səthə çıxmaq üçün lazım olan istilik enerjisini – maqmadan, brekçiya əmələ gətirən qırıntı süxurlarını – yarılma (qırılma) zonasından, suyu – dənizdən, qazı – bitumlu süxurlardan, palçıq vulkanlarının fəaliyyətinin başlanması üçün lazım olan impulsları isə zəlzələlərdən alır. Digər geoloq – alimlər palçıq vulkanlarının əsas yaranma səbəbini geodinamikada – qırışlar, boşluqlar və çatların yaranması və inkişafı ilə əlaqələndirirlər. Neftçi – geoloqların fikrincə isə palçıq vulkanları neft yataqlarında toplanmış karbohidrogen qazlarının ifrat təzyiqi nəticəsində yaranır. Palçıq vulkanları ətraf sahədən 400 – 500 m-dək yüksələn, əsasının deametri 100-dən 350 m-dək olan kəsik konus formalıdırlar.