[email protected] +994 99 303 07 01

Quyuların qazılması üsulları

    Hazırda neft və qaz quyuları Rotor, Top Drive, Turbin, Vintli mühərrik və Elektrik qazıyıcısı üsulu ilə qazılır. Bilirik ki, quyu süxurların qazıma aləti olan balta ilə dağıdılması və süxur parçalarının qazıma mayesinin köməyi ilə yer səthinə qaldırılması yolu ilə qazılır. Qazıma prosesi endirmə-qaldırma və baltanın quyu dibində işləməsi əməliyyatlarından ibarətdir. Quyular müxtəif üsullarla, mexaniki yol ilə, yüksək temperaturla, elektrik cərəyanı ilə, partlayış qüvvəsi ilə və s. qazılır. Həmin üsullardan yalnız süxurun mexaniki yol ilə dağıdılması üsulu geniş yayılmışdır. Hazırda süxurların mexaniki yol ilə dağıdılmasında əsasən fırlanma qazıma üsulundan geniş istifadə olunur.

Rotor qazıma üsulu

Rotor qazıma üsulunda qazıma mühərrikləri yer səthində yerləşir. Fırlanma hərəkəti mühərrikdən rotora, rotordan isə işlək boruya verilir. İşlək boru bilavasitə qazıma borularına, qazıma boruları isə baltaya bağlandığından rotor fırlandıqda balta da fırlanaraq süxuru qazımağa başlayır. Orta bərk və bərk süxurların qazılmasında qazıma turbini və ya elektrik qazıyıcısı daha əlverişlidir, çünki belə süxurların qazılması nisbətən böyük dövrlər sayı tələb edir. 

   Yuxarı intiqal sistemi ilə qazıma üsulu ( TOP-DRIVE )

Rotor qazıma üsuluna məxsus olan nöqsanlar son zamanlar geniş istifadə edilən yuxarı intiqal sisteminin köməyilə aradan qaldırılmışdır. Yuxarı intiqal sistemini tətbiq sahələrinə görə iki qrupa bölmək olar: quruda və dənizdə neft və qaz quyularını qazımaq üçün qurğu və təmir işlərini yerinə yetirən aqreqat. Hazırda yuxarı intiqal qazıma qurğusu dünya praktikasında çox geniş yayılmışdır. Bunlardan əlavə yuxarı intiqal sisteminin üstün cəhətlərindən biri də quyunun qazılması və quyu lüləsinin qoruyucu kəmərlərlə eyni vaxtda möhkəmləndirilməsi texnologiyasıdır. Bu zaman qazıma boruları kəmərinin əvəzinə qoruyucu kəmərlərdən istifadə edilir. Qazıma aləti sistemi kabel vasitəsilə endirilən quyudibi alətdir.

Yuxarı intiqal sistemin köməyilə bu işləri görmək olar:

Yüksək fırladıcı momentlə mürəkkəb geoloji şəraitdə şaquli, maili istiqamətlənmiş və üfüqi quyuların qazılması;

Qoruyucu kəmərlərin endirilməsi əməliyyatının aparılması;

Quyuların yuyulması;

Qoruyucu kəmərlərin endirilməsi əməliyyatının aparılması və s.

                         Turbin qazıyıcısı ilə qazıma üsulu

Qazıma turbini hidravlik quyudibi mühərrikdir, o bilavasitə baltaya bağlanaraq quyu dibinə qazıma boruları ilə endirilir, odur ki, qazıma borularının fırlanmasına ehtiyac qalmır. İş prinsipi belədir: qazıma nasosları ilə yüksək təzyiq altında vurulan qazıma məhlulu qazıma boruları vasitəsilə qazıma turbininin stator və rotorlarından keçir, bu zaman mühərrikin rotorları hərəkətə gəlir. Rotorlar qazıma turbininin valına tərpənməz bərkidilir. Turbinin valı bilavasitə qazıma baltasına bağlanmışdır, deməli qazıma turbininin valı fırlandıqca balta da fırlanaraq süxuru dağıdır. 

Elektrik üsulu ilə qazıma

Elektrik qazıyıcısı quyudibi mühərrik olub, bilavasitə baltanın üstünə bağlanır, quyu dibinə xüsusi borularla endirilir və elektrik cərəyanı ilə işləyir. Qazıma boru kəmərinin ən yuxarı hissəsində yerləşən və en kəsiyi sahəsi kvadrat və ya altıbucaqlı olan boruya işlək boru deyilir. İşlək boru qazıma vaxtı rotorun dairəvi stolunun deşiyindən ta aşağıya doğru hərəkət edir. Elektrik qazıyıcısının ən böyük prinsipial üstünlüyü qazıma prosesində avtomatik tənzimlənmənin nisbətən daha asan əldə edilməsidir. Lakin bu üsulun ən çətin məsələlərindən biri elektrik enerjisinin quyu dibi mühərrikə ötürülməsidir. Belə ki, neft quyusunun qazılma şəraiti bunun üçün heç də əlverişli deyildir.

Vintli hidravliki quyudibi mühərriklə qazıma üsulu

Vint mexanizmi əsasında yaradılmış bu mühərrikin köməyi ilə, turbin qazıyıcısından fərqli olaraq istənilən dövrlər sayı əldə etmək mümkündür. Şpindelli seksiya baltaya oxboyu yük vermək, hidravlik yükləri qəbul etmək və təzyiq düşküsü yaratmaq üçündür. Vintli həcmi mühərriklərlə qazıdıqda balta dövrlərinin sayını 120-80 dövr/dəq-ə qədər azaltmaqla, çox böyük fırlanma momenti əldə etmək mümkündür. Vintli mühərrikin aktiv uzunluğu 1400 mm olur. Vint mexanizmi əsasında yaradılmış bu mühərrikin köməyi ilə, turbin qazıyıcısından fərqli olaraq istənilən dövrlər sayı əldə etmək mümkündür. Şpindelli seksiya baltaya oxboyu yük vermək, hidravlik yükləri qəbul etmək və təzyiq düşküsü yaratmaq üçündür.