[email protected] +994 99 303 07 01

Səthi-aktiv maddələr – Surfaktantlar

Səthi-aktiv maddələr – Surfaktantlar

 Səthi-aktiv maddələr (SAM-lar) səthi gərilməni və ya iki maye, maye ilə qaz həmçinin maye ilə bərk fazaları arasında yaranan təmas səth gərginliyini (interfacial tension) azaldan maddələrdir. Surfaktant sözü isə surface-active agent sözünün qısaltmasıdır. Hidrofob və hidrofil hissələrdən ibarət olduqlarından yağ ilə suyu qarışdıra, köpük əmələ gətirə bilərlər ki, bu çirklərin aparılmasında rol oynayır. Elə bu xüsusiyyəti də onların əsas – yuyucu vasitə kimi tətbiqini təşkil edir. 

Klassifakasiya

 Surfaktantların işləmə mexanizminə onların quruluşu təsir göstərir. Səthi aktiv maddələrin əksəriyyəti hidrofilik "başları" və hidrofobik "quyruqları" olan üzvi birləşmələrdir. Səthi aktiv maddələrin "başları" elektrik yükü daşıya və ya daşınmaya bilər. Əksər səthi aktiv maddələrin "quyruqları" kifayət qədər oxşardır, bir karbohidrogen zəncirindən ibarətdir ki, şaxəsiz, şaxəli və ya aromatik olur. Belə ki, surfaktantların iki – ionogen (suda həll olarkən ionlarına dissosasiya edən) və qeyri-ionogen (dissosasiya etməyən) tipi var. İonogen surfaktantlar isə öz növbəsində üç – anionik, kationik və amfolitik (svitterionik) tipə bölünür.

• Anionik surfaktantlar – Molekulun hidrofil hissəində anion funksional qrup saxlayan maddələrdir. Bu mənfi hissə adətən sulfatlar, sulfonatlar, fosfatlar və karboksilatlardır. Natrium stearat kimi karboksilatlar (sabunlar) ən geniş yayılmış anionik surfaktantlardır

• Kationik surfaktantlar – Bunlar adətən azot birləşmələrindən əldə edilən kation başlı molekullardır. Onlar bir çox səthə yapışaraq qat əmələ gətirir. Setrimid, setalkonium xlorid, didesildimetilammonium xlorid kimi surfaktantlar kationikdir.

• Amfolitik surfaktantlar – Bu tip surfaktantların başına həm anionik, həm də kationik funksional qruplar birləşmiş olur.Kationik hissədə əsasən birli, ikili, üçlü amin və ya dördlü amonium kationları olur. Anionik hissə isə sulfonatlar, karboksilatlar kimi daha müxtəlif ola bilər. Fosfolipidlər, sfinqolipidlər kimi ən geniş yayılmış bioloji amfolitik surfaktantlar fosfat anionu ilə amin və ya amonium kationundan ibarətdir.

• Qeyri-ionogen surfaktantlar – Kovalent rabitəli oksigenin baş və quyruq arasında yerləşməsi ilə əmələ gəlmiş surfaktantlardır. Effektivlik, səmərəlilik, cod suya qarşı daha az həssaslıq və toksiklik, bioparçalana bilmə kimi bir çox kimyəvi xassəsinə görə sənayedə geniş tətbiq tapmışdır. İndividual qeyri-ionogen surfaktantlar arasındakı fərqlər daha kiçikdir. Setil, setaril, oleyl spirtlərini, Brij, desil qlükozid, oktil qlükozid kimi efirləri bunlara nümunə gətirmək olar.

Tətbiqi

  Surfaktantlar istehsalda və istifadədə təmizləyici, isladıcı, disperslışdirici, emulsiyalaşdırıcı, köpük əmələ gətirən və ya köpük əmələ gəlməsində qabaqlayıcı rol oynayır .Birbaşa istifadəsini yuyucu vasitələrdə, yumşaldıcılarda, anti-buğlarda, boya və yapışdırıclarda görmək mümkündür.  Bütün bunlardan başqa emulsiya və suspenziya yaradıcı xüsusiyyətləri tibbdə dərmanların hazırlanması üçün tətbiq edilir. Onlar bəzi dərmanların sorulmasını da artırır ki, bu dərman sahəsində effektivliyin artmasına gətirib çıxarır. Surfaktantların sənayedə istehsalı ilə yanaşı bədənimizdə - ikinci tip alveolar hüceyrələrdə də sintez edilir. Tərkibindəki zülal və lipidlər onun hidrofilik və hidrofobik bölgələrini yaradır. Bu birləşmələr ağciyərin genişləmə və sıxılma bacarığını artırmaq kimi vacib funksiyalar daşıyır. Surfaktantlar mayenin səthi gərginliklə alveolar boşluqlara dolmasını qarşısını alır ki, bu da tənəffüs yollarını quru saxlayır.