[email protected] +994 99 303 07 01

Fontan armaturası

Fontan armaturası

Fontan quyusunun avadanlığı quyuya endirilən boru kəmərindən, kəmər başlığından və fontan armaturundan ibarətdir.  Bununla yanaşı quyudibi və quyuağzı ştuserlər və nəhayət, atqı xəttində fontan trapı da qurulur. Fontan armaturu nasos-kompressor borularının (NKB) asılması, quyu məhsulunun yer səthinə yönəldilməsi, NKB və istismar kəməri arasındakı fəzanın hermetikləşdirilməsi, eləcə də quyunun iş rejiminə nəzarət edilməsi və tənzimlənməsi üçün nəzərdə tutulur.

Fontan armaturası aşağıdakı əməliyyatların aparılmasına imkan verir:

a) fontan və kompressor quyularının mənimsənilməsi və istismara buraxılması üzrə işlərin aparılmasına;

b) sıxılmış qaz (hava), maye və onların qarışığının quyuya vurulmasına;

c) quyu məhsulunun kollektor, separator və neft yığım məntəqələrinə istiqamətləndirilməsinə;

ç) quyudan hasil edilən məhsulun tənzimlənməsinə;

d) quyudibi, quyuağzı və halqavarı fəzadakı təzyiqin ölçülməsinə;

e) müxtəlif tədqiqat və geoloji-texniki tədbirlərin aparılmasına;

Fontan armaturu seçilərkən əsas etibarı ilə aşağıdakılar nəzərdə tutulur:

1. Qazın və yaxud qazlı mayenin armaturda gözlənilən təzyiqi;

2. Qumun miqdarı və onun armaturdakı sürəti;

3. Fontanın xüsusiyyəti.

Hazırda fontan armaturları aşağıdakı təzyiqlərə müvafiq olaraq hazırlanır:

1) sınaq təzyiqi-75 atm, işlək təzyiq-40 atm (AF-75);

2) sınaq təzyiqi-150 atm, işlək təzyiq-75 atm (AF-150);

3) sınaq təzyiqi-250 atm, işlək təzyiq-125 atm (AF-250).