[email protected] +994 99 303 07 01

Geofiziki kəşfiyyat üsulları

Geofiziki kəşfiyyat üsulları yeni dəqiq elmi istiqamətlərdən biri olub[2],Yer qabığında yaranan təbii və süni fiziki sahələrin öyrənilməsinə əsaslanan və faydalı qazıntı yataqlarının axtarışı, kәşfiyyatı mәqsәdilә istifadə olunan üsullardır[1,2].

Yer səthinə yaxın yerləşən bir çox yataqlardakı qiymətli sərvətlərin tükənmək üzrə olması dərin qatlarda olan yataqların aşkarlanmasına ehtiyac yaradır.Əvvəllər bu axtarışlar quyu qazmaq üsulu ilə aparılırdı, lakin hazırda geofiziki-kəşfiyyat üsulları ilə əvəz olunub ki, bu da vaxt və vəsaitin qənaət olunmasına şərait yaradır.Dərinlikdə yerləşən neft və ya qaz yataqlarının aşkarlanmasında ilk öncə maqnit ,qravimetrik, və ya elektrik üsullarından istifadə olunur,daha sonra isə potensiallı hesab olunan sahələrdə seysmik kəşfiyyat işləri aparılır[2,3].

Geofiziki kəşfiyyat işləri yer səthində,yer altında və hətta havada da aparıla bilir[1,2].Yer səthində aparılan kəşfiyyat üsulları aşağıdakılardır:

·       Maqnit kəşfiyyat üsulu-ilk geofiziki kəşfiyyat üsuludur,ilk dəfə XVII əsrin ikinci yarısında İsveçdə tətbiq olunub.Bu üsul Yerin maqnit anomaliyalarının ölçülməsinə əsaslanır.Maqnit anomaliyaları süxurların tərkibindəki fərqli maqnitlik xassəsinə malik olan cisimlər və ya birləşmələr tərəfindən yaradılır.Beləliklə,maqnit anomaliyasının qiyməti ərazidəki süxurların müəyyənləşdirilməsinə imkan verir.Ölçmə işləri müxtəlif tipli maqnitometrlərin köməyi ilə aparılır. Bu üsuldan dəmir filizi yataqlarının aşkar edilməsində geniş istifadə olunur[2].

·       Qravimetriya kəşfiyyat üsulu -ərazilərin geoloji quruluşunun öyrənilməsində,faydalı qazıntı yataqlarının axtarışında ,peyk və raketlərin hərəkət trayektoriyasının təyinində və naviqasiya məsələlərinin həllində istifadə olunur.Nəzəri əsasları Ümumdünya Cazibə qanununa əsaslanan bu üsul süxurların sıxlıqlar fərqinə görə yaranan qravi anomaliyalarının ölçülməsinə əsaslanır.Bu metodun tətbiqində rəqqaslı cihazlar,qravimetr,qradiontometr kimi cihazlardan istifadə olunur.

·       Elektrik kəşfiyyat üsulu-Yerin alt qatlarında təbii və süni elektrik sahələrinin öyrənilməsinə,süxurların elektrik xassəsindəki fərqliliklərinə əsaslanıb.Yerin geoloji quruluşunun müəyyənləşdirilməsində,geoloji xəritəalmada,faydalı qazıntı yataqlarının axtarışında,dağ mədən işlərində,hidrogeoloji məsələlərin həllində istifadə olunur. Ölçmə işləri dipol qurğularının, simmetrik dörd,üç və ya iki elektrodlu qurğuların köməyi ilə aparılır[2].

·       Seysmik kəşfiyyat üsulu-Hal hazırda ən geniş yayılmış geofiziki kəşfiyyat üsuludur və Yer qabığının öyrənilməsində, faydalı qazıntı yataqlarınn axtarışında istifadə olunur.Əsas prinsipi təbii və ya süni yolla yaradılmış elastik dalğaların müxtəlif süxurlarda yayılmasına əsaslanır.Süni elastik dalğalar yerə vurma qurğuları və ya partlayışlar vasitəsilə yaradılır.Seysmik kəşfiyyatın əsas üsulları əks olunan dalğalar üsulu və sınan dalğalar üsuludur[2].

·       Radiometrik və Nüvə-Fizikası -Radiometrik üsul süxurlarda təbii radioaktivliyin ölçülməsi ,nüvə fizikası isə süni yaradılmış radioaktivliyin ölçülməsi ilə aparılır.Radioaktiv şüalanmaları ölçmək üçün radiometr cihazından istifadə olunur.Faydalı qazıntı yataqlarının axtarışında,süxurların litoloji tərkibinin müəyyənləşdirilməsində,geoloji sərhədlərin xəritəyə alınmasında istifadə olunur[2].

Bundan əlavə geofiziki tədqiqatlar havada vertolyot,süni peyklər və s. vasitəsilə,quyularda isə quyu dibinə göndərilən xüsusi cihazların köməyi ilə aparılır[2].

 

İstinadlar:

1.     Ensiklopediya (2017): Geofiziki Kəşfiyyat Metodları,

http://ensiklopediya.gov.az/az/terms/22291/cild/21

2.     Xələfli A.A. Geofiziki kəşfiyyat üsulları,

https://bim.edu.az/file/3108/geofiziki_kesfiyyat_usullari.pdf

3.     socar (2023): Kəşfiyyat, https://www.socar.az/az/page/kesfiyyat