[email protected] +994 99 303 07 01

Mineral törədən proseslər

Mineral törədən proseslər

Mineral törədən proseslər mənşəcə 4 böyük tipə bölünür:

1.Kosmogen proseslər

2.Endogen proseslər

3.Ekzogen proseslər

4.Autigen proseslər

Kosmik proseslər

Kosmik proseslər digər planetlərdə, Ayda və meteoritlərdə baş verən mineraltörədən proseslərdir. Aydan gətirilmiş nümunələrdə hələlik 40-a yaxın mineral dəqiq təyin edilmişdir. Bunlar Yer qabığında geniş yayılmış minerallardır. Meteoritlərdə də əsasən Yerdə rast gələn minerallar tapılır. Yalnız bir neçə kosmik mineral hələlik Yerdə məlum deyil.

Endogen proseslər

Endogen proseslərdə mineralın əmələ gəlməsi üçün lazım olan maddə və enerji Yerin dərinliyi ilə əlaqədardır. Endogen proseslər içərisində ən mühümü maqmanın kristallaşması, yəni magmotogen prosesidir. Lakin maqma su ilə zəngin olur və bu yüksək təzyiq və temperatur şəraitində maqmadan ayrılan su əslində maqmadakı elementləri həll edərək sulu məhlul əmələ gətirir. Buna hidrotermal (hidro-su, termos-istilik) məhlul deyilir. Hidrotermal məhlul Yer təbəqələrindəki çatlarla hərəkət edərkən tədricən soyuyur və ondan müxtəlif minerallar çökür. Bu prosesə hidrotermal və endohidatogen proses deyilir.

Maqma tədricən kristallaşarkən onun bir hissəsi lap son mərhələlərdə kristallaşır ki, bu hissəyə qalıq maqma deyilir. Qalıq maqma, adətən, qazlarla və nadir elementlərlə zəngin olur. Qalıq maqmanın kristallaşmasından əmələ gələn mineral yığımı peqmatit adlanır. Bu prosesə isə peqmatik proses deyilir.

Maqmadan ayrılan qazların bir-birilə və ətrafdakı minerallarla reaksiyası nəticəsində əmələ gələn minerallarla pneymatogen minerallar, bu prosesə pnematogen proses(pneyma-yunanca qaz deməkdir) deyilir.

Maqma tədricən hərəkət edərkən onun ətrafa süxurlarla(mineral yığımı ilə) təmas zonasında baş verən reaksiyalar nəticəsində yaranan minerallar yığımına skarn, bu prosesə isə skarnlaşma və ya kontakt metasomatik proses deyilir.

Ekzogen Proseslər

Ekzogen proseslərdə mineralın əmələ gəlməsi üçün lazım olan enerji və maddə Yer kürəsinin üst hissələri ilə əlaqədar olur. Bu proseslərdən ən mühümü açıq sulu hövzələrdə(okean,dəniz,göllərdə) mineralların əmələ gələrək çökməsidir ki, buna da peqnitogen proses()peqnitos-yunanca çöküntü deməkdir) deyilir.

 

Əvvəlcədən mövcud olan  mineralın atmosfer agentləri tərəfindən pozulub (aşınıb) yeni minerala keçməsi və həmçinin asan həll olan mineralların torpaq (qrunt) sularında həll olub, digər yerdə bu və ya digər mineral şəklində çökdürülməsi də ekzogen prosesin növləridir. Bunların uyğun surətdə hipergen və ekzohidatogen proses deyilir.

Autigen proseslər

Autigen proseslər əvvəlcədən mövcud olan mineralın temperatur və təzyiqi nəticəsində dəyişib, yeni minerala keçməsidir. Məsələn, getir FeO(OH) maqmanın temperaturun təsirindən kontakt zonasından uzaqda belə hematitə Fe2O3 çevrilir.Gips CaSO2H2O yüksək təzyiq şəraitində suyunu itirir, kristallik strukturunu dəyişir və yeni minerala- anhidritə CaSO4 keçir.

Autigen proseslərə bəzən metamorfizm də deyilir.

Təbiidir ki, bu və ya digər mineralın əmələgəlmə prosesini dəqiq bilməklə, Yer kürəsinin bu mineral tapılan hissəsinin geoloji tarixini düzgün müəyyənləşdirmək olar.

Yer qabığının müxtəlif sahələrində baş verən eyni geoloji proseslərdə, məsələn: maqmatik prosesdə,təxminən eyni minerallar əmələ gəlir və hətta bunların miqdarca nisbətləri də çox yaxın olur. Mineralların bu kimi yığıntıları böyük kütlələr təşkil etdikdə onlara süxur adı verilir. Yer qabığının müxtəlif sahələrində geniş yayılmış qranit adlı maqmatogen süxurun tərkibində də 30-40% ortoklaz(və mikrolin), 10-20% plagioklaz, 20-30% kvars olur. Kütlənin qalan hissəsini qalan minerallar(apatit,mikalar,maqnetit və s.) təşkil edir.

Əgər bu kütlədə kvars və ya plagioklaz olmasa, süxura qranit demək olmaz, onun adı dəyişəcəkdir. Süxurun adını müəyyənləşdirən bu kimi minerallar süxurtörədən minerallar adlanır. Deməli, kvars süxurtörədən mineraldır.

Qranitdə apatit də ola bilər, lakin bunun olub-olmaması süxur adına təsir etmir. Süxurdaki bu cür ikinci dərəcəli minerallar aksessor minerallar adlanır.