Proqramlaşdırma dilləri və ya alqoritmik dili– proqram modullarından ibarət olub, məsələnin həll mərhələsinə hazırlığını təmin edir. Proqramlaşdırma dili kompüterin alqoritmi qəbul etməsi üçün istifadə edilir.
Proqramlaşdırma dilləri adi dillərdən "sözlərin" (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dili süni dil olub, təbii dillərdən məhdud sayda sözlərin olması ilə fərqlənirlər. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır. Proqram dilini kompüterin başa düşdüyü maşın dilinə çevirmək üçün translyatorlardan (translator – tərcüməçi) və kompilyatorlardan (compiler – tərtibatçı) istifadə edilir.
İstənilən proqramlaşdırma dilinin əsas elementləri bunlardır: dilin əlifbası, sintaksisi və semantikası.
Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur.
Sintaksis – əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (komandaların, operatorların) düzəldilməsinin formal qaydalarıdır. Bu qaydalar müxtəlif həll alqoritmlərini proqramlaşdırmağa imkan verir.
Semantika – dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviridir. Məsələn, əgər proqramın bu yerində y =a*(b+c) ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları maşına "göstərir" ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi a-ya vursun.
Proqramlaşdırma dillərindən nümunələr:
Ada — Ada proqramlaşdırma dilinin yaranma tarixi 1974–1980-ci illərə təsadüf edir.
Assembler – bu proqram vasitəsilə effektiv və kompakt proqramlar yaradılır.
C# — C#(C Sharp) – Microsoft. Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid yeni obyekt orientasıyalı dillərdən biridir.
C – Bell laboratoriyasında yaradılmışdır və assembler dilini əvəz etmək üçün nəzərdə tutulmuşdur.
Java – 90-cı illərdə Sun kompaniyası tərəfindən С++ proqram dili əsasında yaradılmışdır.
Python — 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılmışdır.
Lua — 1993-cü ildə yaradılmış açıq qaynaq kodlu dildir.
Objective-C — yuxarı səviyyəli, Obyekt yönümlü proqramlaşdırma dilidir.
Pascal – 70-ci illərdə Niklaus Birt tərəfindən yaradılıb, Alqol dilinə daha çox oxşayır.
Perl — 1987-ci ildə Lary Wall tərəfindən yaradılmış dinamik proqramlaşdırma dilidir.
PHP — (Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün 1995-ci ildə yaradılıb.
Prolog — Proloq məntiqi proqramlaşdırma dilidir ki Süni intellekt və Hesablamalı dilçilik ilə əlaqədardır. 