[email protected] +994 99 303 07 01

Üzvü yolla əmələ gəlmiş süxurlar(Orqanogen süxurlar)

Üzvü yolla əmələ gəlmiş süxurlar(Orqanogen süxurlar)

 Üzvi süxurlar müxtəlif tipli orqanizmlərin həyat fəaliyyətinin məhsulu olub,kimyəvi tərkiblərinə görə karbonatlara,silisitlərə və kaustobolitlərə bölünür.

 Əhəngdaşını və təbaşiri karbonatlı süxurlara misal göstərmək olar.

Üzvi əhəngdaşı kifayət qədər möhkəm,çox vaxt məsaməli və müxtəlif boşluqları olan sementlənmiş süxurdur.Əsasən dəniz orqanizmləri qalıqlarının toplanmasından əmələ gəlir.Abşeron əhəngdaşları bunlara misal ola bilər.Bu süxurlar onları əmələ gətirən orqanizm qalıqlarına görə fərqlənir.Bunlardan braxiopod , foraminifer ,mərcan və s. əhəngdaşlarını göstərə bilərik.

 Üzvi əhəngdaşların tərkibində bitum birləşmələri olarsa, bunlara bitumlaşmış əhəngdaşları deyilir.Bu növ süxurları yandırdıqda zəif neft iyi ifraz olunur.Qarışıqlardan asılı olaraq rəngləri ağ,tünd-boz,qara olur.

 Üzvi əhəngdaşları xlorid turşusunda asanlıqla qaynayır.

 Tabaşir yumşaq,ovulan,adətən,ağ,bəzən sarımtıl rəngli,HCl-da şiddətlə qaynayan xırda orqanizm qalıqlarının toplanmasından əmələ gəlir (60-70%-ni plankton orqanizmlər təşkil edir).

 Silisli üzvi süxurlardan diatomitləri,trepelləri və opokları göstərmək olar.

 Diatomit,mikroskopik diatomit su yosunları qalıqlarının toplanmasından əmələ gəlmiş süxurdur.Sarımtıl rəngli, nisbətən məsaməli,yüngül,yumşaq,ovulan və zəif sementləşmiş tabaşirəoxşar süxurdur.Tabaşirdən fərqli olaraq HCl məhlulunda qaynamır.

Trepel (tripolit) xarici görünüşünə görə diatomitdən fərqlənməyən və mikroskopla görünən incə opal dənəciklərdən təşkil olunmuş orqanogen silislərdən törəmə yolla əmələ gəlmiş süxurdur.

Opok nisbətən möhkəm,xırda məsaməli ,qabıqvarı sınan,yüngül süxurdur.Bu süxurda az miqdarda orqanizm qalıqları olur.Onun bəzi növləri xarici görünüşcə diatomidlərə,bəziləri isə silislərə çox oxşuyur.Sıxlığı 0,9-1,2 arasında dəyişir.

 Kaustobiolitlər-Bu qrupa üzvi yolla əmələ gəlmiş süxurlar daxildir.Bunlardan torfu,qonur kömürü,neft bitumlu süxurları,yanar şisti,daş kömürü,antrasiti,asfaltı və s.göstərmək olar.

Torf qonur və ya qara rəngli ,məsaməli,sıxlığı az olan və müxtəlif tipli bitkilərin yarımçıq çürüməsi nəticəsində(əsasən bataqlıq tipli hövzələrdə) əmələ gələn süxurdur.

Qonur kömür sıx,bəzən kövrək,əldə qonur iz salan,ağacdan əmələ gəlmiş süxurdur.Sıxlığı,tərkibindəki başqa maddələrin qarışığından asılı olaraq , 0,8-1,8 arasında dəyişir.

Daş kömür sıx quruluşlu,çox zaman laylı ,qara rəngli ,asfalt parıltılı, əldə asanlıqla iz buraxan,sıxlığı 1,2-1,5 arasında dəyişən,sərtliyi 2-3 olan süxurdur.Bitki qalıqlarının çürüməsi nəticəsində əmələ gəlir.

Antrasit sıx kütləli,qara rəngli,metal parıltılı,əldə iz salmayan,tozunun rəngi qara,sıxlığı 1,4-1,8 və sərtliyi 3 olan süxurdur.Bu süxur bəzən metamorfik süxurlara da aid edilir.