Pərvanə Babayeva | SOCAR-ın Ekologiya İdarəsinin Elm və Texnika şöbəsinin böyük mühəndisi, Azərbaycan Mühəndislər Birliyinin Enerji Məsələləri üzrə sədr müavini
“Mühəndis xanımlar öz bacarıqlarını inamları ilə uyğunlaşdırmalıdırlar. İnstinktlərinə güvənsinlər, faydalı mütəxəssis olduqlarına inansınlar və qarşılaşdıqları çətinlikləri fürsətə çevirməyi daima bacarsınlar”
Pərvanə Babayeva – övladlarını doğru yetişdirməyi bacaran, qayğıkeş valideynlərin son beşiyi, olduqca qoruyucu olan dörd qardaşın tək bacısı, anlayışlı və dəstəkləyici bir insanın şanslı həyat yoldaşı, ədalətli, vicdanlı, dürüst, çalışqan olan və sağlam rəqabəti bacaran hər kəsin dostudur.
Atamın mühəndis, anamın riyaziyyat müəlliməsi olması məni də texniki elmlərə meyilli etmişdir. Uşaqlıqdan riyaziyyata, sonradan kimya, fizika kimi fənlərə xüsusi marağım olmuşdur. Bunun nəticəsində mən Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil oldum. Laboratoriyada işləmək, kimyəvi elementləri, birləşmələri ali səviyyədə öyrənmək və öyrəndiklərini tətbiq edərək biliyini daha da dərinləşdirmək sözlə ifadə edilməyəcək qədər mükəmməl hisslərdir. Lakin tələbəlik illərində nəyinsə çatışmadığını da hiss edirdim. Bu çatışmamazlığın nə olduğunu 3-cü kursda oxuyarkən Ekologiya fənninin tədrisi zamanı anladım. Bu elmin müasirliyi, vacibliyi, digər elmləri də özündə cəmləşdirməsi məni o qədər cəlb etdi ki, həmin günü magistratura təhsilimin məhz bu ixtisas üzrə olmasına qərar verdim.
Mən magistraturada oxuyarkən öz ixtisasımla əlaqədar sahələrdə işləməyə can atmışam. Ona görə bütün gücümü səfərbər edib, tələbələr üçün olan proqramlardan yararlanmağa çalışmışam. Magistraturanın 1-ci kursunda oxuyarkən SOCAR Ekologiya İdarəsinin Kompleks tədqiqatlar laboratoriyasında dissertasiyamla əlaqədar təcrübə keçmişəm. SOCAR-ın daxili təqaüd proqramlarının qalibi və ödənişli yay təcrübəsinin iştirakçısı olduğum üçün magistratura təhsilimi bitirdikdən dərhal sonra SOCAR-ın Ekologiya idarəsinin Ekoloji Monitorinq Departamentində Ətraf Mühitin Mühafizəsi üzrə mühəndis kimi iş kariyerama başlamışam. Təxminən 2 il keçdikdən sonra vəzifəm qalxdı və Ekologiya İdarəsinin Texniki İstehsalat Şöbəsinin mühəndisi vəzifəsində fəaliyyət göstərməyə başladım.
Yenə 2 il keçdikdən sonra KOİCA təqaüd proqramı ilə Cənubi Koreyada magistratura təhsil almaq şansı qazandım. Xaricdə təhsil alarkən universitetimizin jurnalında redaktor vəzifəsində çalışmışam.
BMT-nin İqlim dəyişmələri üzrə çərçivə konvensiyasının (UNFCCC) təşkil etdiyi təlimlərdə iştirak edib, müvafiq imtahanlardan keçərək ekspert adını qazanmışam. 2020-ci ildə Almaniya Federativ Respublikasının UNFCCC-yə təqdim etdiyi 2 illik hesabatın yoxlanılmasında Siyasətlər və Tədbirlər üzrə ekspert kimi iştirak etmişəm.
Hal-hazırda SOCAR-ın Ekologiya İdarəsinin Elm və Texnika şöbəsində böyük mühəndis vəzifəsində çalışıram. Paralel olaraq Azərbaycan Mühəndislər Birliyinin Enerji Məsələləri üzrə sədr müaviniyəm.
Mən bu sahədə özümü çox şanslı hiss edirəm, indiyə qədər karyera həyatında sırf xanım olduğum üçün heç bir çətinliklə üzləşməmişəm. Çalışdığım sahələrdə də xanımların sayı heç də az olmayıb. Xanımlar məsələlərə çox həssas yanaşırlar, həqiqətən mühəndisliklə bağlı məsələlərin həllərində xanımlara çox ehtiyac vardır. Başıma gəlməsədə, mühəndislik üzrə vakansiyaya müraciət edənlər arasında cənabların seçilməsinə üstünlük verirlər. Ancaq İnsan resurslarının nümayəndələri anlamalıdır ki, xanımlar zərif məxluq olsalar da, ağır işlərin öhdəsindən təhlükəsiz şəkildə gələ bilirlər. Xilasedici qayıq, gülləkeçirməyən jilet, istifadəsi daha asan olan ilk komputer proqramının ixtirası kimi həyatımızı daha təhlükəsiz edib sadələşdirən bir çox ixtiraların xanımlar tərəfindən edilməsi heç də təsadüfi deyildir.
Mən onlara hər zaman daha yaxşısını əldə etmək üçün fürsət kimi baxmışam. İndiyə qədər uğursuzluqla rastlaşdığım hallar çox olub, bu hallar məni hər zaman daha da gücləndirib. Çünki uğursuzluq sayəsində mən zəif nöqtələrimi öyrənirəm, onlar üzərində daha çox çalışıram və əvvəl istədiyimdən də daha yaxşısına nail oluram.
Mən magistratura təhsili alarkən tələbələr üçün həyata keçirilən proqramlarda iştirak etməyə başladım, hər zamanda bunu niyə bakalavrın 1-ci kursunda oxuyarkən etmədiyimə görə təəssüfləndim.
Mənə görə bu həyatda ən böyük xoşbəxtliklərdən biri insanın nə istədiyini bilməsidir. Ona görə də gənclər nə istədikləri ilə bağlı çox düşünməlidirlər. İstədikləri sahə üzrə oxumalı və işləməlidirlər. Çox təəssüf ki, son illərdə nə olur olsun universitetə qəbul olub tələbə adını qazanmaq üçün imtahanlara girənləri görürəm. Bu hala çox üzülürəm. Gənclər mütləq şəkildə öz istəklərini təyin edib ona doğru addımlamalıdırlar, insan yalnız olmaq istədiyi yerdə olanda uğur əldə edir və irəliyə doğru addımlaya bilir.
Özüm xaricdə təhsil alan biri kimi istərəm hamı bu təcrübəni yaşasın. Hamısına ilk növbədə tövsiyəm odur ki, xaricdə təhsil almaq üçün bütün gücünüzü meydana qoyun. Məsələn, mən bilirdim ki, hansı tarixdə Cənubi Koreya təhsilimlə əlaqədar müsahibə və imtahan olacaq. O tarixdən 1 ay öncə işdən məzuniyyət götürüb, məzuniyyətin hər günü (bazar ertəsi çıxmaqla, çünki Bazar ertəsi Milli kitabxana çalışmır) milli kitabxanaya gedib səhərdən axşama kimi təxminən 8-9 saat məşğul olurdum. Belə dayanmadan məşğul olmaq mümkün deyil, ona görə 1 saat məşğul olub 10 dəqiqə fasilə verirdim. Beləliklədə, istəyimə nail oldum. Bundan başqa hər gün mütləq şəkildə edəcəklərimi qeyd edirdim, qeyd etdiklərimi edib dəftərə üstəgəl işarəsini qoyduqca digər görmədiyim işləri etməyə daha da həvəslənirdim. Yəni nəinki xaricdə təhsil almaq istəyənlər arzusunu reallaşdırmaq istəyən hər kəs planlı olmalıdır. Çox sevdiyim bir ifadə var: Edəcəm demə, etdim de. Yəni xaricdə təhsil almağı arzulayanlar öz üzərilərində o qədər çalışmalıdırlar ki, sonda ETDİM deyə bilsinlər.
Mən bir dəfə psixologiya müəllimimizə belə bir sual vermişdim: “Nəyə görə imtahana hazırlaşıb imtahana gələnlər çox narahat olur, hazırlaşmayıb gələnlər isə olduqca rahat olurlar?” O da cavab vermişdi ki: “Çünki imtahana hazırlaşanlar lazımi materialları oxuduqları üçün nələri bilib nələri bilmədiklərini yaxşı bilirlər, imtahana hazırlaşmayanlar isə heç bilmirlər nələr var və ona görə də onlar imtahan vaxtı sualları görənə qədər daha rahat olurlar. Sokrat bu məqamda deyibki: “Məni müdrik edən heç nə bilmədiyimi dərk etməyimdir. Başqaları bunu da bilmir””. Bu baxımdan mənə görə gənclər gündə ən azı 1 saat mütailə etməyi vərdiş halına çevirməlidirlər. İnsan oxuduqca nələri bilmədiyini daha yaxşı anlayır və insan nələri bilmədiyini öyrəndikcə daha çox oxumaq istəyir.
Təcrübəmə görə xanımlar hər şeyə hər zaman həddindən artıq hazırlıqlı olsalar da özlərinə inamsız olurlar. Ona görə də, mühəndis xanımlar öz bacarıqlarını inamları ilə uyğunlaşdırmalıdırlar. İnstinktlərinə güvənsinlər, faydalı mütəxəssis olduqlarına inansınlar və qarşılaşdıqları çətinlikləri fürsətə çevirməyi daima bacarsınlar.