[email protected] +994 99 303 07 01
September 16, 2023 - Paylaşdı: Admin

GÜLBUTA MURADOVA İLƏ MÜSAHİBƏ

Gülbuta Muradova | Halliburton – Sementləmə üzrə kiçik mühəndis


“Xanım mühəndis olmaz” fikrini səsləndirəndə keçmişə, indiyə nəzər salaq. Hökmdar, rəhbər, hərbçi, çilingər, sürücü qadınlar kifayət qədərdir. İlk öncə şəxsin o işin öhdəsindən necə gəlməyinə baxmalıyıq. Bu stereotipi də zamanla aşacağıq, necə ki yüz il öncəki “qadın aktrisa olmaz” fikri artıq tarixin tozlu səhifələrində qalıb, bu da onun kimi.
  • Gülbuta Muradova kimdir?

Mən Gülbuta Muradova 1995-ci ildə dünyaya gəlmişəm, 2012-ci ildə orta məktəbi bitirib BDU-nun tətbiqi kimya ixtisasına qəbul olmuşam. Universiteti bitirdikdən sonra Halliburton şirkətində işləməyə başladım. Sementləmə sahəsində regionda ilk qadın əməkdaş olaraq işə başlamışdım. Artıq 5 ildir ki, bu şirkətin əməkdaşıyam. Bu illərdə şirkətdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişəm. Hazırda sementləmə mühəndisi kimi fəaliyyətimi davam etdirirəm. Bu 5 ildə dəniz təcrübəsi kariyeramın unudulmaz hissəsi olub.

  • Necə və niyə bu sahəni seçdiniz?

Orta məktəbdə hər nə qədər hansısa sahəyə marağımız olsa da universitet zamanı bilik və bacarıqlarımızı hansı sahədə inkişaf etdirə bilərik əmin oluruq. Oxuduğum müddətdə etdiyim araşdırmalar, təcrübə proqramlarında iştirakım bu sahəyə marağımı artırdı.

  • Bu ixtisası bitirmiş biri istehsalatda hansı vəzifələr üzrə işləyə bilər?

Neft və sənaye sahələrinin istənilən sahəsində. Laboratoriya, dəniz, qazma, geoloji işlərlə bərabər bir çox sahələrdə.

  • Sementləmə üzrə mühəndis olaraq işinizi təsvir edə bilərsizmi? Sementləmə üzrə mühəndis nə edir?

Sementləmə neft, qaz və su laylarını bir-birindən ayırmaq, istismar olunan neft və qaz quyularına kənar suların keçməsinin qarşısını almaq, həmçinin kəməri lay sularının korroziyasından qorumaq və quyunun divarlarını möhkəmlətmək məqsədi ilə aparılır və bunun üçün mühəndislər quyunun parametrlərinə uyğun proqram təminatında (cementing software) dizayn hazırlayıb təqdim edirlər.

  • Hansı çətinliklərlə üzləşirsiniz və bunların öhtəsindən necə gəlirsiniz?

Hər işin özünəməxsus çətinlikləri olur. Lakin həmin anda peşəkar şəkildə məsələyə yanaşmağınız mövcud mənfi çətinliyi lehinizə çevirə bilər. Bu işin bir hissəsi dənizlə əlaqəlidir. Dənizdə iş quru ilə müqayisədə daha məsuliyyətlidir. Burda hava şəraitinin hər an dəyişməsi sizin iş planlarınıza mane ola bilər, bunun üçün də mütləqdir ki, siz bütün bunlara hazır olasınız. Bu sahədə çoxlu, biraz da çətin təlimlərə hazır olmaq lazımdır.

  • İşinizin ən sevdiyiniz yönləri nələrdir?

Fərqli və maraqlı sahə olması, problemlə üzləşəndə onun həll yolunun tapılması, problemin həllindən alınan nəticədən nələrsə öyrənmək

  • Mühəndislikdə qadın olmaq nədir, sizin fikrinizcə?

İlk başlarda hamının sənə qəribə, bəlkə də qınayıcı baxışlarına tuş gəlmək, lakin ailənin sənin yanında olması və öz gücünə inanmağın bunların öhdəsindən gəlməyə imkan verir. Mühəndislikdə qadın olmaq – “kişi işidir” deyənlərə rəğmən uğur qazanmaqdır. Mühəndis qadın olmaq makyaj, hündürdaban ayaqqabılar, manikürlü əllərin mühəndislik etməyə mane olmamasıdır.

  • Sizcə ” Xanım mühəndis olmaz ” stereotiplərini necə qırmalıyıq?

Düşünürəm ki, ixtisası cinslərə bölmək düzgün deyil. Qadın və ya kişi fərq etməz əsas məsələ peşəkar olmaqdır. Əgər biz işi görən, problemi həll edən, sizi irəli aparacaq şəxslərin cinsinə deyil, bilik və bacarıqlarına güvənsək, o zaman heç bir stereotip qalmaz. Bundan əlavə “Xanım mühəndis olmaz” fikrini səsləndirəndə keçmişə, indiyə nəzər salaq. Hökmdar, rəhbər, hərbçi, çilingər, sürücü qadınlar kifayət qədərdir. İlk öncə şəxsin o işin öhdəsindən necə gəlməyinə baxmalıyıq. Bu stereotipi də zamanla aşacağıq, necə ki yüz il öncəki “qadın aktrisa olmaz” fikri artıq tarixin tozlu səhifələrində qalıb, bu da onun kimi.

  • Bu sahə üzrə təhsil alan tələbələrimiz hansı texniki bacarıqlara yiyələnməlidirlər? Tələbəlik müddətində özlərini necə inkişaf etdirməlidirlər?  

Mütləq şəkildə təcrübə proqramlarında fəal iştirak etmək, tələbə dövrünü məhsuldar keçirmək, ixtisasları ilə bağlı maraqlı seminarlarda iştirak etmək, dil, komputer bacarıqlarını inkişaf etdirmək bu sahədə dünyaya çıxmaq üçün çox vacibdir.

  • Mühəndisliyi karyera seçimi olaraq düşünən xanımlara nə deyərdiniz?

İlk öncə yaxşıca araşdırmaq lazımdır. Bu sahədəki həm müsbət, həm də onlar üçün mənfi olan tərəfləri. Həqiqətənmi bunu istəyirlər? Bu sahəni seçsələr, hansı mövqedə olmaq istəyirlər? Bu suallarına müsbət cavab tapdıqdan sonra əmin addımlarla özlərini inkişaf elətdirsələr, inanıram ki, çox uğurlu karyeraları olacaq. İşlədiyi sahədən asılı olmayaraq bir insanın uğurlu olma səbəblərindən biri də ailə dəstəyidir. Valideynlər daima övladlarına dəstək olsa, onların uğurları davamlı və möhkəm olacaq.