[email protected] +994 99 303 07 01
July 05, 2025 - Paylaşdı: Admin

“İxtisasını düzgün seç – Mühəndis ol!” layihəsi üzrə tədbirlərə start verilib

Azərbaycan Mühəndislər Birliyi “İxtisasını düzgün seç – Mühəndis ol!” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə tədbirlərin icrasına başlayıb.

Layihə çərçivəsində 21 may 2024-cü il tarixində Bakı şəhəri, Nizami rayonu, 210 nömrəli tam orta məktəbdə 10 və 11-ci sinif şagirdləri üçün tədbir keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri Əli Babazadə şagirdlərin özlərinə uyğun ixtisas seçiminin önəmindən, onların təhsillərinə, gələcək karyeralarına necə vacib təsir göstərdiyindən danışıb. İxtisas seçimi edərkən hansı nüanslara diqqət etmələri, tələbə adını qazandıqdan sonra özlərinə uğurlu gələcək qurmaları üçün hansı addımları atmaları, nələri öyrənmələri olduqları barəsində məlumat verib.

Daha sonra təlimçi Pərvanə Babayeva mühəndislik ixtisasları haqqında geniş məlumat verib: hansı mühəndislik ixtisasının gördüyü işlər nələrdir, gələcək perspektivləri nələrdir, hansı universitetlərdə tədris olunur və s.

Tədbirin gedişatında hal-hazırda tələbə və STP şirkətlər qrupunun “Sabahın gücü” təcrübə proqramının iştirakçıları olan – Rəhimə Kərimova və Hüseyn Əliyev şagirdlərə tələbəlik həyatından, necə uğur qazanmasından, təcrübə proqramlarında iştirakından danışıb. Şagirdlərə öz tövsiyələrini veriblər.

Tədbir sonunda şagirdlərlə yarışma keçirilib. Şagirdlər komandalara bölünərək 15 dəqiqə ərzində kağız və yapışqandan istifadə edərək hündür və dayanıqlı konstruksiya qurmaları tapşırığı verilib. Nəticədə şagirdlərin komanda işləmə bacarıqları, məntiqi təfəkkür, mühəndis yanaşması bacarıqları yoxlanılıb.

Tədbirdə 35 nəfər 10 və 11-ci sinif şagirdləri iştirak etmişdir. İştirakçılara layihə çərçivəsində dəftərxana ləvazimatları (layihənin bloknotu və qələm) paylanıb.