Azərbaycan Mühəndislər Birliyinin həmtəsisçisi İskəndər Axundov Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumunda çıxış edib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Hamburq şəhərində keçirilən Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu uğurla baş tutub.
Azərbaycan Respublikasında elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan forum “Ağıllı Şəhər Texnologiyaları və Prosesləri (Smart City Technology and Processes)” mövzusuna həsr olunub. Tədbirdə Avropada fəaliyyət göstərən azərbaycanlı mühəndislər, alimlər, dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin təmsilçiləri, eləcə də Almaniyanın nüfuzlu universitet və tədqiqat mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Forum çərçivəsində Azərbaycan Mühəndislər Birliyinin həmtəsisçisi İskəndər Axundov “Smart Lab” mövzusunda təqdimatla çıxış edərək innovativ laboratoriya mühitlərinin yaradılması, müasir mühəndislik təhsilində praktiki yanaşmaların tətbiqi və ağıllı texnologiyaların gələcək inkişaf perspektivləri barədə fikirlərini iştirakçılarla bölüşüb.
İnanırıq ki, bu cür beynəlxalq platformalarda azərbaycanlı mühəndislərin fəal iştirakı ölkəmizin mühəndislik potensialının tanıdılmasına, yeni əməkdaşlıqların qurulmasına və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verir.

September 06, 2026 - Paylaşdı: Admin