İskəndər Axundov
Analitik Cihazların Servis Mütəxəssisi, SEM-AZ MMC
Sədr müavini və Biznesin İnkişafı departamentinin rəhbəri, Azərbaycan
Mühəndislər Birliyi
Red. Salam, İskəndər bəy. Müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik.
İ.A. Salam Ayşən xanım. Mən də sizə bu gözəl təklifə görə minnətdaram. Bildiyim kimi bu sizin Azərbaycan Mühəndislər Birliyinin ilk təşəbbüsüdür və bu mənə iki qat sevinc verir ki, sizin ilk qonağınız mən oldum. Bu şərəfə görə sizə təşəkkürümü bildirmək istiyərdim.
Red. Özünüz haqqında məlumat verə bilərsiniz?
İ.A. Əlbəttə. Amma sizə deyim ki, ən çətin sualdan başlamısınız) Özümü təqdim eləmək mənə həmişə çətin gəlirdi, amma çalışaram darıxdırıcı görsənməyim bu suala cavab verəndə. Mən Axundov İskəndər Hikmət oğlu, 1994-cü il iyun ayın 6-da Bakıda anadan olmuşam. Siz bilirdiniz ki, dahi rus yazıçısı Aleksandr Sergeeviç Puşkin də iyunun 6sı anadan olmuşdu? Bəzən uşaqlıqda buna görə valideynlərim məni Puşkin deyə çağırırdılar. Orta məktəb təhsilimi doğma Binə
qəsəbəsində 149 nömrəli məktəbdə aldım. Nənəm o məktəbin öncə direktoru, sonra direktor müavini işlədiyinə görə pis qiymət almağımın ehtimalı çox cüzi idi). Zarafat edirəm, nənəmin o vəzifədə çalışması məni heç cürə arxayın salmamışdı və əksinə motivasiya verirdi ki, həmişə yaxşı oxuyum. Hətta bizim məktəbdən qızıl medal namizədi kimi də təhsil nazirliyinin siyahısında idim. Bakalavr pilləsini Bakı Dövlət Universitetinin kimya fakültəsində almışam və çox aktiv bir tələbə idim. Könüllü olaraq bir çox proyektlərdə iştirak etmişəm və 2012-ci ildə AİESEC Azerbaijan beynəlxalq
tələbə təşkilatına qoşulmuşam. Orada hər şey ingilis dilində olduğu üçün çox adam əvvəlcə ora ingilis dilini mükəmməlləşdirmək üçün gedirdi, amma sonra başa düşürdülər ki, bu təşkilat gənclərin bir individual kimi
formalaşmasında da çox böyük tövhə verir. Tələbəliyin 3-cü kursunda London lmperial Colledge-e kimya fakültəsinə qəbul olmuşdum, lakin maddi səbəblərə görə ora gedə bilmədim. Buna baxmayaraq, o il digər bir şans da əlimə
düşmüşdü: mən BP şirkətinin yay təcrübəsi proqramına daxil oldum və HSE departamentinin Ekologiya bölməsində
işlədim. Universitetdən sonra isə bir ara StartUp-larla məşğul idim və bir neçə StartUp ideyamızı dostlarımla birlikdə reallaşdırdıq. 2017-cı ildən kimya sahəsinə qayıtdım və hal-hazırda da analitik cihazlar üzrə beynalxalq dərəcədə sertifikatlaşmış bir mütəxəssisəm. Lakin nə qədər çalışsam da,sosial aktivliyə olan eşqimi boğa bilmədim və paralel olaraq hal-hazırda Azərbaycan Mühəndislər Birliyində Biznesin İnkişaf departamentinin rəhbəri və eyni zamanda sədr müavini və müşaviri vəzifəsini də icra edirəm.
Red. Kimya ixtisasını niyə seçmisiniz? Əgər yenə bir seçim şansınız olsaydı, yenə bu ixtisası seçərdiniz mi?
İ.A. Çünki ətrafımızda olan hər şey kimyadır. İnanın ki, potensial baxımından bu sahə o qədər genişdir ki, hər bir digər sahə ilə kəsişmə nöqtəsi var. Olsun fizika, biologiya, hətta biznes və StartUp sferaları ilə kəsişməsi var. Kimyanın ən böyük gözəlliyi odur ki, onu anladıqdan sonra onu öyrənməkdən doymursan və inanın ki, bir də seçməli olsaydım yenə də kimyanı seçərdim. Lakin ola bilsin ki, kimyanın hansısa başqa bir qolunu, çünki onun hər bir qolunu tam öyrənmək üçün bəlkə də bir ömür yetməz.
Red. Universitetdə oxuduğunuz dövrdə ən çox çətinlik çəkdiyiniz fənn hansı idi?
İ.A. Açığı çox fənn var idi ki, hansılarda çətinlik çəkirdim, amma birini seçməli olsam, o da fizika fənni idi. O da əslində sadəcə müəllimim ilə dil tapa bilmədiyim üçün, ya da lorı dillə desək, müəllim ilə prinsipə getdiyim üçün idi. Amma sizə deyim bu mənim üçün özü də bir dərs oldu. Həyat dərsi. O dərsdən mən əsas onu anladım ki, hər bir halda bütün insanlarla dil tapmaq lazımdır, yoxsa həyatın çətinləşəcək.
Red. Bakalavr oxuduğunuz müddətdə beynəlxalq təşkilatlarda könüllülük fəaliyyətiniz olub, bu fəaliyyət şəxsi və
peşəkar inkişafınıza nələr qatdı?
İ.A. Bəli, öncə də qeyd etdiyim kimi yerli və beynalxalq tədbirlərdə könüllü kimi çalışdım, eyni zamanda AİESEC Azerbaijan tələbə təşkilatında da fəaliyyət göstərmişdim. Belə deyək ki, bu təcrübə mənə daha çox şəxsi inkişafımda köməklik etdi, çünki mənim özgüvənim və liderlik bacarıqlarımı artırdı. Bəzi komplekslərimi aradan qaldırdı və çoxlu dost gətirdi mənə. Mən hesab edirəm ki, əhatən nə qədər geniş olsa, o qədər həyatında və karyeranda uğurlu ola bilərsən. Bunun ən bariz nümunəsi odur ki, mən BP şirkətinə yay təcrübəsinə imtahan və müsahibə verəndə mənim sosial olaraq çox aktiv olmağım sonda məni BP şirkətinin yay təcrübəsinə qəbul olunmağım və ən əsası da bütün digər
təcrübəçilər arasında onlara cavabdeh olan lider kimi BP şirkəti tərəfindən seçilməyimə kömək etdi.
Red. Bu mövzuda tələbələrə tövsiyələriniz nələrdir?
İ.A. Tövsiyəm odur ki, heç vaxt aktivlik göstərməkdən çəkinməsinlər, utanmasınlar və özlərini demotivasiya etməsinlər ki: “mən hara, hansısa layihəni aparmaq hara, ya da kütlənin önündə çıxış eləmək və ya ideyalarımı kimlərəsə açıq paylaşmaq və müzakirə eləmək hara”. Gənclər gərək cürbəcür imkanlara açıq olsunlar. Çünki paylaşdıqca və müzakirə etdikcə biz nəyisə öyrənirik.
Red. Magistratura təhsili almağınız karyera inkişafınıza necə təsir göstərdi?
İ.A. Mən magistratura pilləsini hələ bitirməmişəm, amma sizə deyim ki, bu artıq mənim bilik səviyyəmə çox müsbət təsir edir. Bu bilikləri mən öz işimdə mütəmadi olaraq tədbiq edirəm və inanın ki, müsbət cəhətdən çox böyük fayda görürəm. Mənim oxuduğum ixtisas və işlədiyim ixtisas eyni olduğuna görə, yəni işlədiyim sahə analitik cihazlar və
oxuduğum ixtisas da analitik kimya olduğuna görə dərsdə öyrəndiklərimi və gördüklərimi birbaşa olaraq iş zamanı tədbiq edirəm. Mənim magistratura pilləsinə daxil olmağımın ən böyük səbəblərdən biri də praktiki biliklər baxımından çox böyük təcrübəm olması və onun teoritik tərəfini də o səviyyəyə çatdırmaq istəyimdir.
Red. İxtisasınızın sizcə hansı çətinlikləri var?
İ.A. Gəlin birinci bizi oxuyanlara tam olaraq başa salım ki, mənim işim nədən ibarətdir. Mənim işimin tam adı servis mütəxəssisidir. Analitik cihazların servis mütəxəssisi. Bu servis özündə hansı məna daşıyır? Mən analitik cihazlarını quraşdırıram, laboratoriya heyətinə onun təlimini verirəm, onlarla birlikdə analizlər aparıram və nasazlıq zamanı o nasazlıqları aradan qaldırıram. İndi isə sizin sualınıza gəlirəm. Bu ixtisasın ən böyük çətinliyi odur ki, bu cihazların çeşidi və işləmə prisipləri o qədər çoxdur ki, onları yadda saxlamaq inanılmaz inad və öz üzərində çalışmaq tələb edir.
Düzdür, hər dəfə eyni cihazlarla işləsəydim artıq hər qarşıma çıxan problemi, nasazlığı daha tez və asan həll edə bilərdim, amma hər dəfə qarşıma yeni cihazlar çıxır və bu sahədə az mütəxəssis olduğu üçün hər şeyi sıfırdan öyrənib özüm həll etməli oluram. Bir sözlə, bu ölkədə bu ixtisasın pionerlərindənəm.
Red. İxtisasınızın analitik kimyaçı olmağına baxmayaraq, həm də CEO, proyekt meneceri kimi də çalışmısınız. Gələcəkdə bu sahələrdə çalışmaq istəyən “Mühəndislik və Elm” tələbələrində hansı xüsusiyyətlər olmalıdır? Onlar özlərində hansı keyfiyyətləri inkişaf etdirməlidirlər?
İ.A. Bəli, StartUp ekosistemində olduğum zaman bizim “Lendock” və “KitabTap” adlanan iki biznesimiz var idi və birində CEO, o birində isə COO vəzifələrini icra edirdim. O iki il (2015-2016) mənə sahibkarlığın və biznesin nə olduğunu o qədər gözəl izah etdi ki, məncə, günü bu gün mənim qabağıma nə fürsət düşsə, mən o fürsətdən az risklə uğurlu bir bizness qura bilərəm. Məncə, hər bir sahibkar ən önəmli iki keyfiyyəti özlərində inkişaf etdirməlidir, o da idarəçilik
keyfiyyətləri və öz məhsulunu satmaq bacarıqları. Çünki bunlardan hansısa biri olmasa, biznes heç zaman dayanıqlı
olmayacaq.
Red. Öz işini qurmaq, yoxsa hansısa bir şirkətdə işləmək? Bununla bağlı fikriniz necədir?
İ.A. Bu anlayışlar, məncə, sadəcə bir-birindən vaxt anlamında ayrılır. İlk öncə hansısa bir şirkətdə çalışıb bilik və təcrübə yığmaq, sonra isə öz işini həmin o bilik və təcrübə üzərində qurmaq. Bəziləri bunu səhv başa düşə bilər ki, guya İskəndər deyir ki, işlədiyin şirkətdən bilikləri qazan və sonra get özün üçün şirkət qur. Yox, bu elə deyil, birincisi ona görə ki, mütləq deyil sırf eyni işləri görən şirkət qurmaq. Yəni siz işlədiyiniz şirkətin boşluqlarını və ya səhvlərini görərək onları aradan qaldırmaq üçün bir təklif yolunu taparaq onun üzərindən öz işinizi qurmalısınız. İkincisi isə mən dediyim təcrübə ümumi biznes yaratma və biznes aparma yollarını işlədiyiniz şirkət üzərindən öyrənib bu bilikləri tədbiq etməlisiniz. Bu müzakirəni çox dərindən də aparmaq olar, amma əsas fikir odur ki, biz çalışmalıyıq öz işimizi quraq, amma mənim fikrimcə, ilk öncə işçi rolunda çalışmalısan ki, özünü bu rolda sınıyasan və işçinin problemləri
ilə özün də vaxtilə qarşılaşmış olasan.
Red. Gələcəkdə kimyaçı olmaq istəyən gənclərə tövsiyələriniz nələrdir? Məzun olmadan əvvəl nələri mütləq etməlidirlər?
İ.A. Mən sizi tam olaraq əmin edə bilərəm ki, bugünkü kimya bir maddəni o biri maddəyə qatmaq deyil. Bəli, o da lazımlı hissədir, amma bugünkü kimya analitik cihazlardır və onların tədbiq sahələridir. Əgər məktəbli, tələbə və ya artıq kimya sahəsində çalışan mütəxəssis özünü bu sahədə mükəməlləşdirmək istəyirsə, o, mütləq şəkildə analitik cihazlar haqqında araşdırmalar aparmalıdır. Bu gün laboratoriyalarda işin 90%-i və bəlkə də, ondan da çoxu cihazlar üzərindən görülür. Ona görə də bu sahəyə qədəm qoymaq istəyirsinizsə, ilk öncə analitik cihazlar haqqında anlayışa sahib olun.
Red. Analitik kimyaçının iş yerinde 1 gününü necə təsvir edə bilərsiz?
İ.A. Çox maraqlı. Çünki hər dəfə analizlər zamanı gözləmədiyin nəticələr alına bilər və onun hansı səbəbdən baş verdiyini anlamaq üçün sən suallara nəyin bahasına olursa olsun cavab tapmalısan. Hətta rutin analiz aparan
laboratoriyalarda belə hər dəfə cihazla çalışan operator analizlər zamanı hansısa bir dinamikanı görür və gördükcə də nəyisə öyrənir. Misal üçün xromotoqrafik analizlər zamanı axış, sürət və ya temeperatur dəyişiklikləri olanda, sən fərqli-fərqli nəticələr əldə edirsən. Bu dəyişikliklər süni olaraq insan tərəfindən də aparıla bilər, araşdırma laboratoriyalarında olduğu kimi və ya hansısa kənar faktorlar səbəbindən də. Hansılar ki rutin analiz laboratoriyalarında baş verdikdə onları
aradan qaldırmaq lazım olur və hər şeyi yenidən öncəki vəziyyətə gərək gətirəsən və bu da laborantın inkişafında çox faydalı rol oynayır.
Red. Müsahibəmizin sonuna gəldik, İskəndər bəy. Dəvətimizi qəbul edib vaxt ayırdığınız üçün “The Voice of Azerbaijan Engineers” mühəndislik jurnalı oxucuları adından təkrar təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzu edirik.
İ.A. Sizə də böyük təşəkkürümü bildirmək istəyirəm və mənə doğurdan da xoş oldu bu maraqlı müsahibədə iştirak etmək. Çox böyük məmnuniyyətlə yenidən sizin bu rubrikanızın qonağı olmaq və bizim oxuculara əlimdən gələn faydanı gətirmək istiyərdim.