Ülkər Qurbanova | Wood PLC Layihə mühəndisi
Sizin seçiminiz sizin əlinizdədir, arzularınızı heç kimin yox etməsinə icazə verməyin. Mübariz olun, özünüzə güvənin, sizdə hər şey alınacaq. Sizdə alındığı zaman başqa qadınlar üçün də ümid olacaqsınız.
Mən Ülkər Qurbanova, DİA, BDU və ADNSU məzunuyam. Hazırda Wood PLC şirkətində Layihə mühəndisi vəzifəsində işləyirəm.
İlk bakalavr təhsilimdən sonra “Mühəndislik və Konsultantlıqla” məşğul olan beynəlxalq şirkətdə işləməyə başladım. Eyni zamanda da BDU-da magistr dərəcəsində təhsil almağa başladım. İşimi sevməyim, ətrafımda yaxşı kadr və insanların olması, vəzifəmdə irəliləyiş məni mühəndisliyə daha çox sövq etdi. Zaman keçdikcə mühəndisliyi sevməyə başladığımı, gələcəyimi bu sahədə gördüyümü anladım və ADNSU-da “Texnoloji Maşın və Avadanlıqlar mühəndisliyi” ixtisası üzrə bakalavr dərəcəmi aldım.
Mexanika və Boru mühəndisliyi, Fırlanan avadanlıqlar mühəndisliyi sahələrində işlə təmin oluna bilər. Həmçinin mənim kimi Layihə Mühəndisliyinə də keçid etmək imkanı var.
Layihə mühəndisi layihənin ilk günündən son gününə qədər layihənin hər addımını izləməli, birgə işlədiyi bütün komanda üzvləri (şirkət və şirkətdən xaric) ilə konstruktiv münasibətdə olmalı, problemləri ayırd və həll etməyi bacarmalıdır. Bütün bunları edərkən “etibar” mühiti yaratmalıdır. Müştəri, digər vendor şirkətlərlə məlumat mübadiləsində birbaşa iştirak edir. Texniki və maliyyə məsələlərində çıxa bilən problemləri nəzərdə saxlayır, büdcəyə tam nəzarət edir. Risklərin öncədən ayırd edilməsi, bu və digər layihələrdən çıxan “dərslərin” tətbiqinə zəmin yaradır. Siyahı kifayət qədər uzadıla bilər. Qısacası, layihə mühəndisi hər yerdə olmağı bacarmalıdır.
Layihələrdə sürətlənmələr və ya gecikmələr olur, bu da özlüyündə iş planının sürətlənməsinə, şöbələrin və vendorların işləri prioritetləşdirməsinə səbəb olur. Bu cür hallar yeni risklərin və bəzən stress mühitinin yaranmasına gətirib çıxarır. Başqa bir çətin tərəfi isə insanlarla ünsiyyətdir. Layihə mühəndisi daim səbrli və anlayışlı olmalıdır. Bütün komandalarla mütəmadi ünsiyyətdə olacaqsan. Qarşındakı insanın dilində danışmağı da öyrənəcəksən. İnsan psixologiyasını, davranışını bilmədən sadəcə imperativlər üzərindən işləmək xoş olmayan iş mühiti yaradacaq.
Qeyd etdiyim bütün hallarda ünsiyyət quraraq, dinləyərək, qarşımdakı komanda üzvünün həll yolunu ifadə etməsinə imkan verərək, öz variantımı təklif və analiz edərək çıxış yolu tapmağa çalışıram. Hətta bəzən çox stresli bir məktub gördüyümdə də zəng edib həmin insanla sakit səs tonuyla danışıb problemin kökünü öyrənirəm. Elə ola bilir ki, insanın sadəcə çətin bir günüdür, hər şey üst-üstə gəlir kimi hiss edir və sinirləri dözmür. Empatiya qurmaq lazımdır. Dediyim kimi, insan psixologiyasıdır.
Bir-birinə dəstək olan komandalarla işi və dinamikliyi sevirəm. Layihə mühəndisi bütün şöbələr, tərəflərlə ünsiyyətdə olur. Bol məlumat mübadiləsi hər gün işimdə yeni nələrisə öyrənməyimə səbəb olur.
“Mühəndis qadın” olmaq “mühəndis kişi” olmaq anlayışına bərabər olmalıdır. Mühəndislikdə qadın olmaq işlədiyin mühitdən asılıdır. Şəxsi təcrübəmdən deyə bilərəm ki, bu baxımdan şanslıyam, şirkətdə diskriminasiya görməmişəm. Lakin, bu da reallıqdır ki, hər yerdə eyni mühit deyil. Qadın mühəndislər bəzən özlərini sübut etmək məcburiyyəti ilə üzbəüz qalırlar.
Təəssüf ki, əsrlər boyunca qadınlar “zərif” cins adı altında “zəif” kateqoriyasına aid ediliblər, lakin bu fikri dəyişmək qadınların əlindədir. “Qadın bacarmaz” deyə bir reallıq yoxdur, İNSAN istədiyi müddətcə bacarır. Stereotipi qırmağın bir yolu var, o da daim özünlə mübarizə aparmaq, hər yeni gün özünün bir üst modelinə çevrilməkdir. Kiçik bilik və nailiyyətlərlə yetinməməkdir. Öyrənməkdən və öyrətməkdən vaz keçməməkdir. Güclü, savadlı qadın kadrların sayı sənayedə artdıqca bu stereotiplər zamanla qırılacaq. Bunun üçün əzm və səbr lazımdır.
Universitet illərində sadəcə dərs vəsaitləri ilə yetinməsinlər. Daimi araşdırsınlar, əyani, onlayn kurslara qoşulsunlar. Universitet illəri əslində insanın özünü inkişaf etdirməsi üçün ən çox zamanının olduğu dövrdür. Minimum olaraq AUTOCAD/PDMS proqramını mükəmməl öyrənmək gələcəkdə CV-lərində faydalı olacaq. Sadəcə “Universitetə daxil oldu və bitirdi” yazılmasın. Özlərini ixtisaslarına aid hərtərəfli inkişaf etdirsinlər. Əgər gələcəyi Layihə mühəndisliyində görürlərsə, PMP, Prince2 kimi sertifikatları ala bilməsələr belə, materiallarını araşdırsınlar. Hazırda dünyada Agile metodu sürətlə yayılmağa başlayır.
Tərəddüd etməyin, mühəndis olaraq işləmək əvvəldə çətin gələ bilər, amma işinizi sevəcəksiniz. Mühitdə sizi “qadın mühəndis” kimi diskriminativ şəkildə adlandıra bilərlər, buna əhəmiyyət verməyin. Bacarığınızla bu qərəzləri tezliklə aradan qaldıra bilərsiniz. Mariya Küri, Valentina Tereşkova kimi qadınları düşünün, onlar öz sahəsində inanılmazları bacarıblar. Sizin seçiminiz sizin əlinizdədir, arzularınızı heç kimin yox etməsinə icazə verməyin. Mübariz olun, özünüzə güvənin, sizdə hər şey alınacaq. Sizdə alındığı zaman başqa qadınlar üçün də ümid olacaqsınız.